Xəstəni FHN-in modul tipli xəstəxanasına yerləşdirmək üçün 1000 manat verdim - Şahid Hadisə

Xəstəni FHN-in modul tipli xəstəxanasına yerləşdirmək üçün 1000 manat verdim - Şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə ifadə verən şahid Namiq Həbibov xəstəxanaya yerləşdirilmək üçün pul vermədiyini deyib: “Mən rüşvət verməmişəm. Sadəcə, dostlarım təcili yardıma 50-100 manat "şirinlik" kimi veriblər. Təqsirləndirilən şəxslərdən hər hansı şikayətim yoxdur”.

Digər şahid Rüstəm Məmmədli isə dostunun anasının hospitala yerləşdirilməsi üçün 1000 manat pul verdiyini deyib.

“Dostum mənə zəng vurub bildirdi ki, anası koronavirusa yoluxub, vəziyyəti ağırdır. Mən xəstəxanada işləyən Emin adlı tanışıma zəng vurub vəziyyəti dedim. O bildirdi ki, xəstənin yerləşdirilməsi üçün 1000 manat verməliyəm. Razılaşdıq, xəstəmizi yerləşdirdik. Səhəri gün xəstəxanaya gəlib Eminlə görüşdüm, pulu verdim", - deyə şahid bildirib.

Daha sonra şahid qismində ifadə verən Fövqəladə Hallar Nazirliyinin şöbə müdirinin müavini Füzuli Əhmədov koronavirusa yoluxduğu üçün nazirliyin nəzdində olan hospitala müraciət etdiyini deyib: “Mən FHN-nin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəis müaviniyəm. Əvvəlcə atam koronavirusa yoluxdu, onu evdə müalicə edirdik. Amma həyatını xilas etmək mümkün olmadı. Atamın yanına tez-tez baş çəkdiyim üçün özüm də xəstələndim. 38 dərəcə qızdırmam olurdu. Özümü yaxşı hiss etmədiyim üçün qərara gəldim ki, FHN-nin modul tipli hospitalına müraciət edim. Xəstəxanaya gedəndə məni 3 ağır xəstə ilə birlikdə palataya yerləşdirdilər. Orada çox narahat idim. Çünki mənim vəziyyətim onlar qədər ağır olmadığı üçün qorxdum ki, onlarla bir otaqda qaldığım üçün mən də ağırlaşaram. Hay-küy salandan sonra məni hospitalın 14-cü korpusuna köçürdülər. Orada müalicə olundum və sağaldım”.

FHN rəsmisinin sözlərinə görə, bu müddətdə ondan heç kim pul tələb etməyib, amma faktla bağlı cinayət işi başlanıldıqdan sonra təqsirləndirilən Qulu Orucov ondan pul aldığını iddia edib.

“İşlə bağlı məni prokurorluğa dəvət etdilər. Orada Qulu Orucovla üzləşdim. Mənə dedi ki, mənə 500 manat vermisən. Mən dedim ki, belə şey olmayıb. Daha sonra Qulu da dedi ki, səhv saldım. Mən ümumiyyətlə onu tanımıram da”, - şahid qeyd edib.

Proses dekabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.

İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.İş üzrə toplanan sübutlar əsasında

İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.