Bələdiyyələr icra hakimiyyətlərinin əlavəsinə çevrilib Hadisə

Bələdiyyələr icra hakimiyyətlərinin əlavəsinə çevrilib

Vüqar Tofiqli: "Bələdiyyələrin səlahiyyətləri tanınsa, onlar qısa vaxt ərzində sürətlə inkişaf edər və daha mükəmməl özünüidarə orqanına çevrilərlər"

Dünən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları ilə birgə "Bələdiyyə fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda seminar keçirib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və bələdiyyə sədrləri iştirak ediblər.
Seminarda Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə çıxış edərək bələdiyyələrin işinin təşkili ilə bağlı həyata keçirilən tədbirlərdən, sosial-iqtisadi inkişaf prosesində bələdiyyələrin iştirakından, bu işə dövlətin dəstəyindən, müvafiq Dövlət Proqramından, o cümlədən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda və "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı"nda nəzərdə tutulan tapşırıqların icrasından, bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunmasından, eyni zamanda, yerli özünüidarə sahəsində mövcud problemlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Onu da bildirək ki, bu günlərdə Milli Məclisin Regional məsələlər komitəsinin son iclasında komitənin sədri Arif Rəhimzadə də bələdiyyələrin üzdəşdikləri problemləri qaldırıb. O, bələdiyyə torpaqlarının xəritəsinin hazırlanmamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məsuliyyət daşıdığını bildirmişdi. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Qalib Salahzadə da mətbuatda bələdiyyələrinin əsas problemlərinə toxunub. Bələdiyyələrin bir sıra probleminin olduğunu deyən millət vəkili bildirib ki, rayon və şəhər icra hakimiyyətlərinin başçıları, müxtəlif qurumlar bələdiyyələrin düşmənidir: "İcra başçısı heç zaman razı olmayıblar ki, bələdiyyələr özləri müstəqil iş görsünlər. Bələdiyyələr yaranan gündən belə olub".
Ümumiyyətlə bələdiyyələrin normal fəaliyyət göstərən quruma çevrilməsi üçün bu sahədə hansı islahatlar aparılmalıdır?
Ekspert Vüqar Tofiqli bildirdi ki, ilk növbədə Fransanın Strasburq şəhərində, 15 oktyabr 1985-ci il qəbul edilmiş Avropanın Yerli Özünüidarəetmə Haqqında Xartiyasının bəzi məqamlarına baxmaq lazımdır: "Hüquqi sənədə Azərbaycan 2002-ci ildə qoşulub. Sənəddə qeyd edilir ki, "hər bir Avropa vətəndaşı yaşadığı dövlətin Konstitusiya quruluşundan asılı olmayaraq, - istər bu, monarxiya olsun, yaxud respublika olsun - özünü ilk növbədə yerli hakimiyyət səviyyəsində ifadə və təsdiq edir, onun gündəlik həyatına bilavasitə təsir göstərən qərarların qəbul olunmasında iştirak edə bilər. Sənədin preambulasında daha sonra qeyd olunur: "Mövcud Xartiyanı imzalamış Avropa Şurasının üzvü olan Dövlətlər:
Hesab edərək ki, Avropa Şurasından məqsəd ümumi sərvəti təşkil edən idealların və prinsiplərinin təntənəsi və müdafiəsi naminə onun üzvləri arasında daha möhkəm birliyə nail olmaqdan ibarətdir;
Hesab edərək ki, idarəetmə sahəsində sazişlərin bağlanması bu məqsədin əldə edilməsinə xidmət edən vasitələrdən biridir;
Hesab edərək ki, yerli özünüidarə orqanları istənilən demokratik quruluşun əsaslarından birini təşkil edirlər;
Hesab edərək ki, vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ bütün dövlətlər - Avropa Şurasının üzvləri üçün ümumi olan demokratik prinsiplərə aiddir;
Belə bir əqidədən çıxış edərək ki, bu hüquq bilavasitə məhz yerli səviyyədə həyata keçirilə bilər;
Belə bir əqidədən çıxış edərək ki, real hakimiyyətə malik olan yerli özünüidarə orqanlarının mövcudluğu səmərəli və eyni zamanda vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilər...".
Ekspertin fikrincə, yerli özünüidarəetmə strukturunun yaranma zərurəti həm də idarəetmənin özünün ümumi məqsədlərindən irəli gəlir: "Hər bir idarəçilikdə məqsəd qarşıya qoyulmuş hədəflərə ən səmərəli üsullarla nail olmaqdır. Dövlət idarəetməsində də bu belədir və əsas üsullarından biri idarə olunan obyektin, yəni ölkə əhalisinin marağına xidmət etməkdir. Bu zaman dövlət əks mərkəzləşməyə doğru addım atmaqla idarəetmənin əsas funksiyalarından biri olan daimi nəzarət funksiyasını tam yerinə yetirməkdən qismən azad olur. Dövlət öz işlərinin bir hissəsini müəyyən subyektlərə, yəni bələdiyyələrə verir və bununla da, həm idarəçilik resurslarına, həm də büdcə resurslarına qənaət olunur. İkinci bir tərəfdən idarəçilik verilən subyektlərə məsələləri öz marağına uyğun həll etmək imkanı verməklə onun qarşıya qoyulan məqsədlərə çatmaq istəyini stimullaşdırır və beləliklə, özünüidarəetmənin səmərəli olması müəyyən qədər təmin olunmuş olur. Məhz bununla da dövlət üzərinə düşən məsuliyyət yükünü azaltmış olur. Məlumdur ki, yerli problemləri həmin yaşayış məntəqəsinin sakinlərindən yaxşı kimsə bilə bilməz. Həm də bu problemin həllində onlar qədər maraqlı olan tapılmaz, o baxımdan ki, əldə ediləcək müsbət nəticədə yerli sakinlərin maraqları təmin olunacaq. Yerli əhalinin marağı şəxsi deyil, ictimai maraqdır və bu maraq ümum ictimai maraqları təmin etməli olan dövlətin maraqları ilə üst-üstə düşür".
Onun sözlərinə görə, dövlət yerli sakinləri idarəçilikdə maraqlı etməklə özünün də maraqlarını ödəmiş olur: "Bununla da idarə olunan subyekt dövlətin maraqlarına daxil olan istiqamətdə hərəkət etməklə idarəçilik məqsədlərinə nail olmanı sürətləndirir. Yerli idarəçilik dövlət orqanlarının yerli təmsilçiləri tərəfindən həyata keçirilir. Bu zaman mərkəzdən verilən göstərişlər və özlərinin səlahiyyətləri çərçivəsində dövlət orqanları ərazinin problemlərini həll edirlər. Lakin yuxarıda göstərdiyimiz faktorlar (dövlət idarəçilik imkanlarına qənaət, dövlətin idarəçilik yükünün azaldılması, idarəetmənin səmərəli olması və dövlətin maraqlarının ödənilməsi) dövləti idarəetmə funksiyasını müxtəlif qurumlarla bölüşdürməyə sövq edir. Belə ki, dövlət üzərinə düşən məsuliyyət yükünün bir hissəsinin verməklə, həm əhalinin işə, yaranmış problemə marağını artırmış olur və əksmərkəzləşməyə bir növ şərait yaradır. Nəticədə də yerli özünüidarəetmə ortaya çıxır. Yerli özünüidarəetmə yuxarıda deyilənlərdən göründüyü kimi, dövləti fəaliyyətə yaxın fəaliyyət hesab olunur. Eyni ilə dövlət idarəçiliyi kimi bu idarəçilik də ictimai maraqların təmin olunmasına yönəlib. Bunu o da sübut edir ki, yerli özünüidarəetmə bir sıra sırf dövlət hakimiyyəti funksiyalarına malikdir. Yerli özünüidarəetmə mahiyyətcə bu və ya digər ərazinin əhalisinə öz işlərini həll etmək üçün müəyyən müstəqilliyin verilməsidir".
Bu məqam öz əksini "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktında da öz əksini tapıb: "Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər".
Ümumiyyətlə, 2009-cu il mart 18-də keçirilən referendumda (ümumxalq səsverməsi) bələdiyyələrin üzərinə düşən məsuliyyət yükü artırılıb. "Bələdiyyələrin statusu haqqında" Qanunun birinci maddəsində yerli özünüidarəyə belə açılış verilir: "Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Konstitusiyasının 144 maddəsinin 11 hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir".
Bu maddədən belə başa düşülür ki, burada yerli kollektivin marağı stimullaşdıran vasitə kimi çıxış etməyə səbəb olur ki, bu da, yerli kollektivə öz marağına uyğun davranış forması seçməyə imkan verir. Bir sıra ölkələrdə bələdiyyələrin müxtəlif adla adlandırılmasına baxmayaraq, bu orqanlar hər bir ölkədə yerli özünüidarəetməni demək olar kı, eyni məzmunda həyata keçirirlər.
Vüqar Tofiqli əlavə etdi ki, yuxarıda qeyd olunanlara və nəzərdə tutulan digər məsələlərə önəm verilərsə, bələdiyyələr qısa vaxt ərzində sürətlə inkişaf edər və daha mükəmməl özünüidarə orqanına çevrilərlər.

Əli