Dövlət qurumlarının kibertəhlükəsizlik sorğularının sayı artıb Hadisə

Dövlət qurumlarının kibertəhlükəsizlik sorğularının sayı artıb

Bu ilin dekabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı noyabr ayı ilə müqayisədə 59,8% artaraq 697 ədəd təşkil edib.

"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, dekabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 98,8%-nə baxılıb və təmin edilib.
Məlumata əsasən, dekabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 7 domen və 29 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 38 hesabat təqdim edilib.

Ümumilikdə, 2021-ci il ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 4674 ədəd təşkil edib ki, bu da 2020-ci ilin nəticələri ilə müqayisədə 6,3% azdır. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96,3%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 205 hesabat təqdim edilib. Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın internet seqmentində 61 domen və 144 subdomen qeydiyyata alınıb.