
Qərənfil Dünyaminqızının yeni kitabının təqdimat mərasimi keçirilib
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dosenti Qərənfil Dünyaminqızının "Dahinin istəyi, qələmin qüdrəti" kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Mətbuat Şurasının və "Kaspi" qəzetinin birgə təşəbbüsü ilə baş tutmuş toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, jurnalistikamızın inkişafı baxımından ona elmi baxışın ortaya qoyulması son dərəcə vacibdir. Uzun illər keçmiş sovet təfəkkür tərzinə əsaslanmış fikirlərin müstəqillik illərindən başlayaraq milli məfkurə saflığına söykənən məcraya daxil olduğunu vurğulayan Şura sədri mövcud istiqamətdəki fəaliyyətin daha səmərəli şəkildə qurulması üçün yeni nəşrlərin mövcudluğunun zəruriliyini əsaslandırıb. "Dahinin istəyi, qələmin qüdrəti" kitabının da məhz bu baxımdan əhəmiyyət daşıdığını önə çəkib. "Kitabda Qərənfil Dünyaminqızının son bir ildə əsasən "Kaspi" qəzetində dərc edilmiş 45 məqaləsi yer alıb. Bu məqalələrin hər birində dövri mətbuatdakı çıxışları ilə milli özünüdərk prosesinə önəmli töhfələr vermiş ictimai-siyasi xadimlərimizin, ziyalılarımızın həyat və yaradıcılığına fundamental elmi əsaslarla yanaşılıb. Kitabın mühüm xüsusiyyəti oradakı məqalələrin birbaşa müəllifin elmi axtarışlarının nəticəsi olmasıdır", - deyən Əflatun Amaşov əlavə edib ki, kitab gərgin jurnalist əməyinin məhsulu, Azərbaycan mətbuatına, mətbu tariximizin öyrənilməsinə xidmət nümunəsidir. Şura sədri buna görə də Qərənfil Dünyaminqızını rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.
"Kaspi" qəzetinin təsisçisi, filologiya elmləri namizədi Sona Vəliyeva "Dahinin istəyi, qələmin qüdrəti" kitabının təqdimat mərasiminin tarixə çevriləcək hadisə ərəfəsindəki zaman kəsiyinə təsadüf etməsini əlamətdar hal kimi dəyərləndirib. Görkəmli ictimai fikir adamlarımızın irsinin cəmiyyətə çatdırılmasının müstəsna əhəmiyyətini vurğulayan Sona Vəliyeva təqdimatı keçirilən nəşrin də məhz eyni missiya daşıdığını diqqətə çatdırıb. "Qərənfil xanım jurnalistdir, tədqiqatçıdır. Hər məqaləsi arxiv materiallarına əsaslanır. Onun kitabı tariximiz barədə mənbə rolunu oynayır. Bu nəşr həm də tariximizə sevgi ilə yazılıb", - deyən Sona Vəliyeva onu da bildirib ki, "Dahinin istəyi, qələmin qüdrəti" kitabında toplanmış materiallar tarixi şəxsiyyətlərimizin, fikir və düşüncə sahiblərimizin həyat və fəaliyyətinə yeni nəfəs gətirməklə insanlarımızda onlara qarşı rəğbət də aşılayır.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov mətbu tariximizin öyrənilməsinin, görkəmli şəxsiyyətlərimizin həyat və yaradıcılığının düzgün spesifikasının aparılmasının vacibliyindən söz açıb. Bunun üçün geniş elmi araşdırmalara ehtiyacın duyulduğunu bildirən Abel Məhərrəmov Qərənfil Dünyaminqızının fəaliyyətinin önəmindən söz açıb. O, həmçinin bildirib ki, təqdimatı keçirilən nəşrin jurnalistika fakultələrində tədris vəsaiti kimi istifadəsi də əhəmiyyətli olardı.
BDU-nun jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli "Dahinin istəyi, qələmin qüdrəti" kitabını klassik jurnalistikamıza rəğbət aşılayan məktəbin nümayəndəsinin əməyinin məhsulu kimi dəyərləndirib.
"Tariximiz taleyimizdir. Bu kitab tariximizə və taleyimizə işıq salan nümunədir" deyən BDU-nun jurnalistika fakultəsinin dekanı, professor Şamil Vəliyev təqdimatı keçirilən nəşrin xüsusiyyətlərindən danışıb.
Əməkdar jurnalist Flora Xəlilzadə çıxışında Qərənfil Dünyaminqızı ilə bağlı xoş xatirələrini bölüşüb, müəllifi zəhmətkeş qələm sahibi kimi xarakterizə edən cəhətləri sadalayıb.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatı tarixinin eyni zamanda müstəqillik uğrundakı mücadilə tarixi olduğunu vurğulayıb. Bu müstəqilliyin qazanılmasında əmək sərf etmiş ictimai fikir dühalarımızın emosiya və yaşantılarının ən müxtəlif tərəflərinin təhlilinə hər zaman ehtiyacın duyulduğunu bildirib. "Dahinin istəyi, qələmin qüdrəti" kitabının bu mənada mühüm missiya daşıdığını önə çəkib.
MŞ İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycanın mətbuat tarixi ilə bağlı tədqiqatların çox olmasının əhəmiyyətindən söz açıb. Xüsusən də Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olmuş mətbu nümunələrimizin tədqiqinin vacibliyini əsaslandırıb.
Çıxış edənlərdən əməkdar jurnalist Yusif Kərimov, BDU-nun jurnalistika fakultəsinin professoru Alxan Bayramoğlu, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "Assa irada" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov və başqaları "Dahinin istəyi, qələmin qüdrəti" kitabının əhəmiyyətindən söz açaraq müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda çıxış edən Qərənfil Dünyaminqızı yaradıcılığına verilən qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.