

Uzun illər respublikamızın məhkəmə-hüquq sistemində yüskək vəzifələrdə çalışmış, o cümlədən Sumqayıt Apellyasiya Məhkəməsinin sədri olmuş, hazırda Bank Ombudsmanı kimi fəaliyyət göstərən Azərbaycanın “Əməkdar hüquqşünas”ı İkram Kərimov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) “Fəxri professoru” seçilib. Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqından xalqcəbhəsi.az-a verilən məlumata görə, İkram Kərimova
akademiyanın diplomu verilib. O, həmçinin “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib.
İ.Kərimov TDABEA-nın qərarı ilə Türk dünyası qarşısındakı mühüm xidmətlərinə, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin genişləndirilməsinə töhfələrinə görə mükafatlandırılıb.
Qeyd edək ki, İkram Kərimov ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik aktları layihələrinin hazırlanmasında yaxından iştirak edib, bir sıra beynəlxalq tədbirlərdə - ABŞ, Asiya və Avropa ölkələrində, Avropa Şurasında respublikamızı təmsil edib.
Peşəkar fəaliyyətinə və məhkəmə-hüquq sistemində səmərəli xidmətlərinə görə o, “Şərəf nişanı” ordeni, “Tərəqqi”, “Əmək veteranı” medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti, SSRİ Baş Prokuroru, Ümumiittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurası, həmçinin müstəqil respublikamızın Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən Fəxri Fərman və digər mükafatlara layiq görülüb.