Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirildi Mədəniyyət

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirildi

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tarixi binlarından olan və ictimai siyasi tədbirlərin keçirildiyi məkan Meridian Beynəlxalq Mərkəzində ( Meridian İnternational Center) “Azərbaycan Mədəniyyət Gecəsi” adlı caz konserti və qəbul keçirilmişdir. ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirə qatılmışdır. Tədbirdə ABŞ ictimai siyasi dairələrinin, diplomatik korpusun, beyin mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və yerli amerikalılar iştirak etmişdir.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Xəzər İbrahim zəngin mədəniyyətə malik Azərbaycanda musiqiyə verilən dəyərdən, milli musiqimizin qorunub saxlanılması ilə yanaşı, müasir və dünya musiqisi, o cümlədən caz musiqisinin ölkəmizdə geniş yayılmasından bəhs etmiş və bu sahənin peşəkarlarından söhbət açmışdır.

Mədəniyyət naziri Anar Kərimov Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olan musiqidən bəhs etmiş və dünya caz həftəsinə təsadüfən edən tədbir kontekstində ölkəmizdə caz ənənələri, onun tarixi, xüsusilə də 1960-70-ci illərdən başlayaraq Azərbaycanın Qafqazın caz mərkəzinə çevrilməsi, Vaqif Mustafazadə, Əzizə Mustafazadə kimi əvəzedilməz caz ifaçılarının yetişməsini vurğulamışdır. A.Kərimov Qarabağın tarixən Azərbaycanın musiqi mərkəzi olması, bir sıra mötəbər musiqiçilərin məhz burada yetişməsini xüsusi qeyd etmişdir.

Caz konsertində uzun illərdir ABŞ-da yaşayıb fəaliyyət göstərən peşəkar caz ifaçısı Əminə Fiqarovanın rəhbərlik etdiyi caz qrupu Azərbaycan musiqisinin motivlərindən ilhamlanaraq improvizə edilmiş etno-caz janrında musiqilər ifa etmişdir. Konsertdə Vagif Mustafazadənin əsərləri üstünlük təşkil etmişdir. Musiqiçilərin özünəməxsus tərzdə ifa etdiyi “Laçın” musiqi parçası isə konsert iştirakçıları tərəfindən xüsusilə bəyənilmiş və sürəkli alqışlarla müşahidə olunmuşdur.

Konsertdən sonra qəbul zamanı qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilmişdir.