“Möcüzəli pillələr” yenidən səhnədə Mədəniyyət

“Möcüzəli pillələr” yenidən səhnədə

Martın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Ağaxan Salmanlının “Möcüzəli pillələr” pyesi əsasında eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa həm teatr haqqında məlumat verir, həm də səhnənin sirli məqamlarını açır.

Quruluşçu rejissoru Nicat Kazımov olan tamaşada Əməkdar artist Elnur Bəhrəmxan, aktyorlar İlhan Sadıqov, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Müşfiq Əliyev, Yusif Dadaşov, Anar Səfiyev, Xaliq Bəkirov, Aygün Fətullayeva, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Araz Pirimov, İlahə Əmirxanova və Hüseyn Bayramov iştirak edəcəklər. Yarıbədii, yarıpraktik tamaşada izləyicilər özləri də prosesin iştirakçılarına çevrilirlər.

Səhnə əsərinin hazırlanmasında əsas məqsəd tamaşaçını teatr mühiti ilə, tamaşanın qurulması, aktyorları qrim otağından səhnəyə qədər aparılan hazırlıq prosesi ilə tanış etməkdir.