Xətai Sənət Mərkəzində plener əsərlərinin sərgisi açılıb Mədəniyyət

Xətai Sənət Mərkəzində plener əsərlərinin sərgisi açılıb

Xətai Sənət Mərkəzində plener əsərlərinin sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş plenerdə yaradılmış əsərlər nümayiş olunub.

Üç gün davam edən sərgi yaradıcı şəxslərin əl işlərində daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılması məqsədilə keçirilib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli tədbiri açaraq sərgi iştirakçılarını salamlayıb. Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Turan Cəfərova, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rüstəm Quliyev, rəssam Calal Ağayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək sərginin əhəmiyyəti barədə danışıblar.

Bildirilib ki, sərgiyə 200-dən çox rəssam tərəfindən 500-ə yaxın yağlı boya, akril, sulu boya və s. texnikada yaradılmış əsərlər təqdim edilib. Onların sırasından sərgilənmək üçün 56 rəssamın 79 əsəri seçilib.

Əsərləri nümayiş olunan müəlliflərə sertifikatlar təqdim olunub. Həmçinin sərgidəki əsərlər arasından Xətai Sənət Mərkəzinin və sərgi ziyarətçilərinin seçdiyi bir əsərin müəllifi Raul Hüseynova hədiyyə təqdim edilib.