

Minillərlə formalaşaraq üzü bizə gələn dəyərlər yavaş-yavaş unudulduqca, sıradan çıxıb qiymətdən düşdükcə cəmiyyət elə bil cılızlaşır, yavaş-yavaş dəyərdən düşür. Hardansa elə bil gizli bir əl mentalitet deyilən nəsnəni unutdurur, öz soykökü üstündə boy verən nəsil əvəzinə kosmopolit bir nəsil yetişdirir tədricən. Mənəvi dünyamızın zənginliyi, birliyimizin simvolu olan milli-mənəvi dəyərlərimizi qorumaq hamımızın ən ümdə borcudur. Yazıçı publisist Oqtay Əliyev yazır ki, keçid dövründə milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edən ünsürlər yanlış ideologiyaları, qondarma və qurama adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri min illərlə tariximizin kəşməkəşlərində deformasiyaya uğramadan, bugünümüzü gözəlləşdirən həmişə fəxr duyduğumuz müqəddəs milli-mənəvi dəyərlərimizlə yanaşı, yabançı adət-ənənələri də təbliğ etməyə çalışırlar və çox təəssüf ki, getdikcə bu, geniş vüsət almaqdadır. Əxlaqi dəyərlərimizin toxunulmazlığı, həmişə qorumalı olduğumuz elə bir müqəddəs meyarlarıdır ki, gərək bugünkü sosial-iqtisadi nailiyyətlərimizdən məqsədyönlü istifadə edərək zamanında dünyaya inteqrasiya edərək qədim mədəniyyətimizin qaynaqlarını, gözəlliklərini bir örnək kimi başqa xalqlara da sevdirək. Hamımız azərbaycançılığımıza xidmət etməliyik.
Sovetlər dönəmində indi çoxumuzun dodaq büzdüyü, "savadsız" damğasıyla damğaladığı nəsil bizdən daha çox soy-kökə bağlı olub, dəyərlərin yaşaması üçün "dəridən-qabıqdan" çıxıblar. Xalq şairi Zəlimxan Yaqub yazır:
Kişilər var idi, yaxşı kişilər.
Haqqın dərgahına enib getdilər.
Ayağa düşmədi elin namusu.
Yenilməz ordular yenib getdilər.
***
Arxa yarandılar obaya, elə,
Çapdılar atları belədən-belə.
Bir əlçim buluda, bir əsim yelə,
Bir çaxım şimşəyə dönüb getdilər.
***
Qurd kimi gödənlər yırtan görəndə
Dünyanı dağıdan, dartan görəndə
Namərdin sayını artan görəndə,
Sozalıb getdilər, sönüb getdilər.
***
Halal süd əmdilər, halal dodaqdan.
Halal qız aldılar, halal ocaqdan.
Düzgün ayırdılar haqqı, nahaqdan.
Haqqın sədasıyla dinib getdilər.
***
Nəfsi aldatmadı nə gümüş, nə zər,
Gözdən yayınmadı nə xeyir, nə şər.
Kişilər var idi, yaxşı kişilər..
Yaxşı köhlənləri minib getdilər!
Dədələri Allah rəhmət eləsin. Biz də onların xələfləriyik. Nəyin bahasına olursa olsun borcumuz onların cücərtdiklərini yetişdirmək, inkişaf etdirməkdir. Milli-mənəvi dəyərlərimiz kimliyimiz, varlığımızdır, qorumadıqca itirə-itirə gedirik. Təbii ki, ən dəhşətlisi isə itirdiklərimizi kimsələrin tapması və özünküləşdirməsidir. Nəticədə itirdiyimiz qazandığımızdan qat-qat çox olur. Odur ki, maddiyyat və mənəviyyat itkisinin göynərtisi illərlə çəkilmir, millətin milli-mənəvi, əxlaqi dəyərlərdən sapması fəlakətdir. Buna əsla yol vermək olmaz.
Malik Balaşov