Los-Ancelesdə Qarabağa həsr olunan sənədli filmin premyerası keçirilib Mədəniyyət

Los-Ancelesdə Qarabağa həsr olunan sənədli filmin premyerası keçirilib

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş uşaqlara həsr olunan "Gənc səslər, qədim nəğmə" adlı sənədli filmin premyerası keçirilib. Tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüs və dəstəyi ilə təşkil olunub. Təbirdə Los-Ancelesdə akkreditə olunmuş ölkələrin baş konsulları, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, elm və təhsil xadimləri və digər şəxslər iştirak ediblər.
Filmin nümayişindən əvvəl Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti və bu siyasət nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. Diplomat azərbaycanlı qaçqın və məcburi köçkünlərin 400 mindən çoxunu uşaqların təşkil etdiyini, filmdə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün qurbanı olan bu uşaqlardan bəhs edildiyini diqqətə çatdırıb.
Baş konsul vurğulayıb ki, Qarabağdakı doğma torpaqlarından didərgin salınmış və bütün uşaqlıqları məhv edilmiş azərbaycanlı uşaqlar artıq böyüsələr də hələ də müharibənin və işğalın vurduğu psixoloji zərbələrlə, həmin illərin ağrı-acısı ilə yaşayırlar. O, "Gənc səslər, qədim nəğmə" sənədli filminin də bu qəbildən önəm kəsb etdiyini, bu ekran əsəri vasitəsilə əslində sadəcə azərbaycanlı uşaqların deyil, dünyanın müxtəlif yerlərində meydana gələn müharibələrin yaratdığı ağrı-acılara və məhrumiyyətlərə məruz qalan günahsız azyaşlıların probleminə diqqət çəkildiyini vurğulayıb.
Baş konsul belə bir sənət əsərinin ərsəyə gətirilməsinə verdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə, eləcə də film layihəsinin təşəbbüskarı və müəllifi olan C.Verboka təşəkkürünü bildirib. Tədbir filmin nümayişi ilə davam edib. Ermənistanın işğalçılıq siyasətini və azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlər nəticəsində meydana gələn bəşəri faciəni özünəməxsus şəkildə təqdim edən film tamaşaçılarda böyük marağa səbəb olub. Nümayişdən sonra söz filmin müəllifi C.Verboka verilib. O, belə bir əlamətdar tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində azərbaycanlı məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb, bu barədə tamaşaçıların suallarını cavablandırıb. İstedadlı musiqiçi, həmçinin Azərbaycanın zəngin musiqi irsi və çoxəsrlik mədəni dəyərləri barədə xoş təəssüratlarını ifadə edib. Nümayişdən sonra istedadlı musiqiçi Azərbaycan tarı və kamançasında milli musiqimizdən yadda qalan nümunələr ifa edib. Film və Azərbaycan musiqisindən nümunələr tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.