Qaraçay-malkar ədəbiyyatında milli azadlıq mübarizəsinin ifadəsi Mədəniyyət

Qaraçay-malkar ədəbiyyatında milli azadlıq mübarizəsinin ifadəsi

2-ci yazı

Bu yazıda Qaraçay-malkar (balkar) türklərinin başına gələn faciələr, bunun ədəbiyyatda ifadəsi haqqında danışılır. Araşdırmaçı Ə.Şamil bildirir, 1905-ci ildə rus-yapon savaşında Rusiyanın yenilməsi bu dövlətin çökdüyündən xəbər verirdi. Rusiyanın öndə gedənləri vəziyyətdən çıxış yolları axtarırdılar. Kimisi konstitusiyalı monarxiya, kimisi respublika yaratmağa çalışırdı. Sosialistlər isə sinfi mübarizəni önə çəkərək, ətraflarına daha çox tərəfdar toplayıb hakimiyyəti ələ almaq istəyirdilər: "Çar Rusiyasının hökumətinə qarşı çıxan bu insanların əksəriyyəti imperiyanı qoruyub saxlamağa çalışır, işğal altında olan xalqlara azadlıq verəcəklərini düşünmürdülər. İşğal altında olan xalqların öndə gedənlərinin bir qrupu Rusiyadakı ayrı-ayrı siyasi təşkilatları dəstəkləsə də, əslində müstəqil dövlətlərini qurmağa çalışırdılar. 1917-ci ilin fevralında baş verən çevriliş bu işi sürətləndirdi. Ancaq bolşeviklər bu dəyişikliklə razılaşmadılar. Onlar demokratik yolla - seçkilərdə fəal iştirak etməklə hakimiyyətə gələ bilməyəcəklərini görüb 1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) silah gücünə hakimiyyəti ələ aldılar. Bununla da dünyanın altıda birini tutan bir ölkədə vətəndaş savaşlarının, qarışıqlığın, hərci-mərcliyin əsasını qoydular. Belə ağır, çətin günlərdə qaraçay-malkarlar rus ordusunda polkovnik rütbəsinədək yüksəlmiş Mırzaqul Kırımşavxalın ətrafına toplaşaraq bolşeviklərə qarşı mübarizəyə başladılar. Onlar adıgey, çeçen, inquş və başqa Dağıstan xalqları ilə birləşərək 1918-ci ilin may ayının 11-də "Quzey Qafqaz Dövlətləri Federasiyası"nı (Bu qısa ömürlü dövlətin adı qaynaqlarda fərqli şəkildə yazılır) qurduqlarını elan etdilər. Ay-ulduzlu, yaşıl bayraq qaldırdılar. Ancaq bu dövlətin ömrü uzun olmadı. Daxili çəkişmələr, xarici qüvvələr, ağqvardiyaçı-general Denikin 1919-cu ilin sonlarında bu dövlətin varlığına son qoydu. 1920-ci ilin martında isə bolşeviklər denikinçiləri bölgədən qovub çıxardılar. Qaraçay-malkarlar öz müstəqilliklərini əldə etmək üçün Mırzaqul Kırımşavxal və Qılıç Giray xanın başçılığı ilə bolşeviklərə qarşı vuruşdular. Beş aya qədər davam edən bu müqavimətə 1920-ci ilin dekabrında son verildi. Bolşeviklər vəd etdilər ki, Sovet Rusiyası daxilində qaraçaylara müstəqilliklərini saxlamağa, muxtar respublikalarını qurmağa icazə verəcəklər. Lakin mövqelərini möhkəmləndirən bolşeviklər vədlərinə dönük çıxdılar. 1922-ci ilin yanvarında yeni inzibati bölgü - Qaraçay-Çərkəz Muxtar Vilayəti yaratmaqla malkarları yenidən çar Rusiyası zamanında olduğu kimi, qaraçaylardan ayırdılar. Malkarları isə Kabarda Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil etdilər".
Bu tarixi hadisələr öz əksini xalq yaradıcılığında tapsa da, Sovet hakimiyyəti illərində onların oxunması, toplanması və nəşr edilməsi yasaq idi: "Yalnız bolşevikləri öyən, kollektivləşməni tərənnüm edən, vətəndaş savaşında bolşeviklərin tərəfini tutan, İkinci Dünya Savaşında Rusiyanın mövqeyini müdafiə edən mahnı və nəğmələrin, lətifələrin toplanmasına və nəşrinə icazə verilirdi. Bu dövrdə qaraçay-malkarlar arasında da din əleyhinə yönələn, bəy-xanları, bir sözlə, varlı təbəqəni tənqid edən folklor nümunələri görünməyə başladı. Bolşeviklər öz hakimiyyətlərini möhkəmlətmək, təbliğatlarını geniş xalq kütlələrinə çatdırmaq üçün bir tərəfdən milli dillərdə məktəblər, teatr, qəzet-jurnal, elmi-tədqiqat müəssisələri açırdı, o biri tərəfdən millətpərvər, xalqın azadlığını və müstəqilliyini istəyən insanları güllələyir, həbsxanalara və sürgünlərə göndərirdilər. 1918-1919-cu illərdə xalqın önündə getmiş, milli dövlət quruculuğunda fəal iştirak etmiş Qiliastan Sefer, Basxanuk Kırımşavxal, Qazi Hacı Laypan, Davud Özgen, Barisbiy Duda, Catay Bayramuk və başqa vətənpərvərlər güllələndi. Keçmiş qazı Qafar Naçır, Muhəmmət Ali Botaş, Salix Barisbiy, İbrahim Koba, Şaban Qagu, Maşak Hubi, Musa Bayramuk, Şamil Qaca, Muhəmmət Tambiy və s. kimi oxumuş, təhsil almış 34 min din adamı həbs edildi. Azsaylı bir xalqdan bu qədər insanın məhv edilməsi onun ədəbiyyatının məhv edilməsi demək idi. Çünki bu insanlar folkloru yaratmaq və təbliğ etməklə yanaşı, yeniyetmələrə dərs keçir, yazılı ədəbiyyat formalaşdırır və yeni nəsil yazıçı, şair və bilginlər yetişdirirdilər".
1930-cu ildə qaraçay-malkarlar kolxozlaşmanın əleyhinə çıxdılar: "Abdulkərim Xasanın başçılığı ilə xalq dörd günə bölgəni bolşeviklərdən təmizlədi. Əslində bu, yaşam mücadiləsi idi. Xalqın əlindən torpağı, mal-qarası alınmış, bir sözlə, insanlar yaşamlarını təmin edəcək vasitələrdən mərhum edilmişdi. Üsyan Sovet hərbi hissələri tərəfindən qəddarlıqda yatırıldı. Kəndlər dağıdıldı, minlərlə insan öldürüldü - 3 min adam güllələndi, 17 min nəfər həbsxanalara və sürgünlərə göndərildi. Bütün bunlar azmış kimi, 1937-ci ildən başlayaraq Sovet hakimiyyətinin qurulmasında, bolşeviklər partiyasının bölgədə möhkəmlənməsində xidməti olan milli kadrlar başda olmaqla 7 min insana "xalq düşməni" adı verilərək həbs edildi və güllələndi. Bu da əhalinin hər 14 nəfərindən biri demək idi.
İkinci Dünya Savaşı isə qaraçay-malkar xalqı üçün əsl faciəyə çevrildi. Əli silah tuta bilənlər - 17 yaşından 55 yaşınadək kişilər sovet ordusuna səfərbərliyə alınıb Almaniyaya qarşı döyüşə göndərildi. Yüzlərlə insan dağlara çəkilərək partizan savaşına başladı. Onlar müstəqillik naminə Sovet xüsusi xidmət orqanlarına və alman ordularına qarşı vuruşa atıldılar. Alman orduları Qafqazdan geri çəkildikdən sonra sovet xüsusi xidmət orqanlarının yaratdığı cəza dəstələri dağlara sığınmış insanların üzərinə təyyarələrlə, tank və toplarla hücuma keçdi. 5 malkar kəndi yerlə yeksan edildi. Ullu qaraçay qalasındakı, Kart Curt, Uçkulan və Xursuk kəndlərindəki müqavimət hərəkatı iştirakçıları da məhv edildi. 1943-cü ilin noyabrın 2-də qaraçaylar, 1944-cü il martın 8 də malkarlar elliklə sürgünə göndərildi. Onların az qala yarısı yollarda aclıqdan, soyuqdan və xəstəlikdən ölsə də, mübarizəni dayandırmadılar. 1957-ci ildə vətənə dönmək hüququ qazandılar".
Qaraçay-malkar folklorunun janrları haqqında: " Araşdırıcı Tanzilya Xadjilanı belə bir müsibətlər yaşamış xalqdan toplanmış folklor nümunələrini aşağıdakı şəkildə qruplaşdırır: 1."Mitoloji adet-gelenek-töre şiirleri; 2.Adet ve törelerle ilgili şiirler; 3.Nart destanları; 4.Masallar; 5.Masal olmayan, sözlü halk eserleri; 6.Şarkılar; 7.Halk edebiyyatının küçük türleri; 8. Zikirler. Türkiyəli araşdırıcı Ufuk Tavkul isə qaraçay-malkar folklorunu aşağıdakı bölgülər altında verir: 1.Efsaneler; 2.Nart efsaneleri; 3.Destanlar-tarihi şarkılar; 4.Aşk şarkıları-maniler; 5.Ninniler; 6.Atasözleri; 7. Bilmeceler.
Qaraçay-malkar folklorunun yorulmaz araşdırıcısı X.Malkanduyev isə bədii-poetik ənənəni və janrları öyrənərkən onları aşağıdakı kimi qruplaşdırır: 1. Magik poeziya, 2. Ovçuluq poeziyası, 3. Təqvim poeziyası, 4.Lirik poeziya. Bu bölgü ilə qaraçay-malkar folklorçularının bəziləri razılaşmır. Fikir ayrılığını ümumi türk xalqlarının folklorşünaslığına da aid etmək olar. Türk xalqlarının folklor mətnləri toplanıb nəşr edilmədikcə, onların öyrənilməsi metodologiyası hazırlanmadıqca bu cür qarışıqlıq olacaq. Qaraçay-malkar folklorunda tanrılarla bağlı poetik nümunələrə daha çox rast gəlinir. Mərasim nəğmələrində Teyri (Tanrı), Çoppa, Eliya, Şibila, Totur Ozay və b. adlar tez-tez çəkilir. Dolay, Erirey, İnay, Apsatı, Biynöger adlı cırlar ən qədim nümunələr sayılır (İranda türklərin toplum yaşayış mərkəzi olan Savə bölgəsində bugün də şeirə yır, şairə yırçı deyirlər). Dolay tanrısı ilə bağlı nəğmələr qaraçaylar arasında bu gün də yaşayır. Azərbaycanda isə Dolay tanrısı haqqında nəğmə ilkin mənasını itirərək, məzmununu dəyişərək xalq mahnısına çevrilib. Onu da xatırladaq ki, qaraçaylarda şərəfinə nəğmələr oxunan Debet və Anaxatır tanrılarının adını Azərbaycanın qərbində çaylara veriblər. Qaraçaylar Ayterek və Cannız Terek tanrılarını təmsil edən ağaclara, malkarlar Ravbaziy tanrısına, Çeqem vadisindəki Totur tanrısı şərəfinə Totur adlandırılan daşa sitayiş edirlər. Altaylar və Sibirdə yaşayan bəzi türk xalqları şamançılığa inanırlar. Bütpərəstliyi heç vaxt qəbul etməyiblər. Onlarda ağaca, daşa inam bu gün də yaşamaqdadır. Eləcə də, islamı çoxdan qəbul etmiş türklərin əksəriyyətində də bu inanclar yaşayır. Bu da onu göstərir ki, qaraçay-malkarlar şamançılıq dönəmindəki inanclarını və həmin dövrə aid müxtəlif bərəkət tanrılarının adlarını yırlarında qoruyub saxlayıblar. Belə ki, yağ-ayran almaq üçün nehrə çalxarkən Dolayın, xırmanda taxıl döyərkən Erireyin, yun darayıb, əyirib və toxuyarkən İnayın şərəfinə cırlar (yırlar) söyləyər, məhsullarının bərəkətli olmasını istəyərdilər".