Söz bilicilərimiz Mədəniyyət

Söz bilicilərimiz

Aşıq yaradıcılığı şifahi ədəbiyyat olaraq qərinələrlə xalqımızın milli mənəvi dəyərlərini, tarixi keçmişini, xalqın yaddaşını özündə ehtiva edərək günümüzə qədər yaşatmaqdadır. Azərbaycan şifahi xalq ədəbiyyatının peşəkar ədəbi yara-dıcılıq sahəsi sayılan aşıq sənəti janr və forma əlamətlərinə görə son dərəcə zəngin və rəngarəngdir. Aşıq poeziyası xalqımızın milli bədii təfəkkürünün səciyyəvi xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, klassik aşıq sənətini nəsildən-nəslə ötürmək baxımından da diqqəti cəlb edir. Aşıq ədəbiyyatının özünə¬məx¬sus xüsusiyyətlərindən biri də onun kökündən qopmadan, klas¬sik ənənəyə bağlılığını itirmədən günümüzə qədər inkişaf edən bir xətlə varlığını qorumasıdır. Bu varlığı həm də aşıqlarımız qoruyub saxlamışdılar. Aşıq sənətinin qorunmasında ustad aşıqlarımızın rolu danılmazdır. Aşıqlığın ortaya çıxdığı ta¬rix¬dən bu günə qədər aşıq sənətinin yaşanması və davamı ustad-şəyird münasibəti ilə gerçəkləşir. Ustad-şəyird münasibətini ilk araşdıran Fuad Köp¬rülüdən üzü bəri ustad-şəyird münasibətləri hələ də ənənə baxımından tam araşdırılmayıb. Təbii ki, az-çox bu möv¬zuya toxunan tədqiqatçılar F.Köprülüdən daha artıq fikir söyləyə bilmədiklərindən ustad-şəyird münasibəti hələ də öyrənilməsi vacib mövzulardan biri olaraq qalır.
Ustad aşıqlar bir-birləri ilə sınağa çəkildikləri halda həm də söz biliciləri tərəfindən sınaq obyekti olurlar. Söz biliciləri aşıqlarla bərabər aşıq sənətini davamında və inkişafında müstəsna rolu olub. Söz biliciləri aşıq yaradıcılığını, klassik aşıq havalarını, dastanları, mükəmməl bilənlərə və aşıqları meydanda sınağa çəkənlərə deyilir. Onlar o qədər dərin hafizəyə malik olurdular ki, yaddaşlarında demək olar ki, klassik dastanlarının hamısını saxlaya bilirdilər. Hətta özlərindən çox-çox keçmiş aşıqların yaradııcılığını ağız ədəbiyyatı olaraq yadda saxlamaq gücünə malik idilər. Aşığın sınağa çəkilən dönəmləri deyildikdə məhz həmin o sınaqçılaradan söhbət gedirdi. Keçmiş zamanlarda xüsusi olaraq aşıq məclisi qurulardı. Aşıqlar səhərə qədər çalıb oxuyar, dastan söyləyərdilər. Artıq ustadlaşmış aşıqlar belə o məclisdə söz bilicilərindən birini görsəydi həmin gecə işin daha çətin olduğunu anlayardı. Şifahi şəkildə yaşadılan qaydaya və ənənəyə görə aşığa o halda ustad deyirlərmiş ki: Ustaddan dərs alsın; saz havacatlarını düzgün ifa etsin; söz ehtiyatı çox olsun; Aşıq Ələsgərin yaradıcılığını təmiz bilsin; dastanların hamısını bilsin; güclü yaddaşı olsun; natiq olsun; ədəb ərkanlı olsun; məclisi ələ almağı bacarsın; yaxşı səsi olsun; hazırcavab olsun.
Bu sayı daha da artırmaq mümkündür, çünki aşıqdan sınaq meydanında çox şey tələb olunur. Bu tələbi isə hər adam edə bilməzmiş. Gərək ki, tələb edənin özünün hafizəsində bir şey olsun ki, aşığın nə dərəcədə doğu-dürüst danışdığını tuta bilsin.
Bəzi bölgələrdə dərin bilikli insanlara sinədəftər deyirlər. Azad Ozan Kərimli "Göyçə aşiq məktəbi" silsilə məqaləsində həmin insanları sinədəftər adlandıraraq onların dərin biliyindən, meydanda aşıqlarla bərabər fəaliyyətlərindən söz açıb. Müəllif sinədəftər Mahmuddan söz açaraq yazır: "Onun sinədəftərliyinə lap məəttəl qaldıq. Niftalı Kərbəlayı İsmayıl oğlu Süleymanov 1913-cü ildə Ardanışda dünyaya göz açıbmış. Ustad şilləsi yeyəndən sonra həm təklikdə, həm də ara sıra qonşu kəndlərin sənətkarlarıyla, - ən çoxu isə Cilli Aşıq Yunusla məclis keçirərmiş. Artıq 1930-cu illərdə o dərəcədə tanınmışdı ki, özunə iki Kərim adlı şagird götürmüşdü. Onlardan biri yaxşı ifaçı idi, digəri isə sinədəftər söz deyirdi. Hər ikisi də 1925-ci ildə anadan olmuşdu. Sinədəftən Kərimin atası isə el şairi Mahmud idi".
Müəllifin yazdıqlarına diqqət etsək, Kərimin atası el şairi olub. Bu da onu dəlalət edir ki, Kərimin sinədəftər olması da elə ordan irəli gəlir. Bütün bölgələrdə belə insanlar olub. Lakin sinədəftər insanlarla söz bilicilərinin arasında fərqlər mövcudluğu böyükdür. Sinədəftər insanlar məclislərdə sinədən gələn sözləri söyləmələ yanaşı həm də onlar Azərbaycan poeziyasını mükəmməl bilirlər. Onlar poeziyanı mükəmməl bildikləri üçün kimin yaradıcılığından söz açsan onların şeirlərini hazırcavablıqla əzbər söylərlər. Xalq şairi Zəlimxan Yaqub buna ən bariz nümunə sayıla bilər. Söz bilicisi kimi isə Məhərrəm Qasımlını, Məhəmmədəli Məşədiyevi göstərmək olar. Onlar olan məclisdə aşıqlar aşıq havalarında yanlışlıq edə bilməzlər.
Qazax bölgəsində də söz biliciləri ustad aşıqlara bərabər tutulur. Əslində "söz biliciləri" termini Qazax bölgəsinə məxsusdur. Onlara da ustad deyilir. Onlar da ağsaqqal, müdrük, sözü keçən insanlardır. Bəzən olur ki, aşıqların belə bilmədiklərini həmin söz biliciləri bilirlər. Onların yaddaşı olduqca iti olur. Şeir bilmə bacarığı olduğundan bir qafiyəni belə aşıq və şairlər onların yanında səhv deyə bilməzlər. Səhv desələr də məclisin tam ortasında söz biliciləri "aşıq nərdivan qoyma" deyərsə, artıq aşıq işini başa düşür ki, hardasa ya sözü səhv deyib, ya da havanı düz çalmayıb. Çünki həmin söz biliciləri daim məclislərdə olur, özlərindən böyük aşıqların məclislərində iştirak edib, özləri də onlardan öyrənirdilər. Onlarda fenomen yaddaş olur. Hafizələri güclü olduğundan heç nə yadlarından çıxmır. Belə insanların yaddaşlarında çox sayda elmə bəlli olmayan dastanlar, hətta klassik ustad aşıqların yaradıcılığı da olur. Özləri şeir qoşur, saz çala bildikləri halda bunu məclislərdə bəyan edib, özlərindən danışmırlar. Tarixə yol yoldaşlığı edən aşıqların həyat tərzini daim izləyirlər. Bu tip insanlar aşqı yaradıcılığını izləyirlər. Belə insanlardan biri Qazax rayonunun Çaylı kəndində yaşamış Novruzov Murad olub (1928-2008). Novruzov Muradı el arasında meşəbəyi yaxud aşıq Murad kimi tanıyırdılar. Ömrünün sonuna qədər yaddaşı iti olan Murad kişinin bilmədiyi dastan, havacat, ustad aşıqların yaradıcılığı yox idi. Hardan desən ordan doğru bilgi verərdi adama. Qeyri-adi yaddaşı olan Aşıq Muradı firti istedadına görə "Qazax mahalının ensklopediyası" adlandırırdılar. Sağlığında özünün dediyinə görə Fərman Eyvazlı "Qaçaq Kərəm " kitabının birinci hissəsini yazarkən dəfələrlə onun evində olub və Qaçaq Kərəm və İsrafil ağa haqqında məlumatlar alıb. Yazıçı Şəmistan Nəzirli "Azərbaycan generalları" kitabında ondan müsahibə alıb, Eldar Nəsibli, Həmid Abbas, və digər söz adamları dəfələrlə ondan müsahibələr götürüblər. Qurbani dastanı, Tufarqanlı Abbas, Diləfruz-Məsim dastanlarının yeni varantlarını və çox sayda nağıl bilirdi. Onun hafizəsində Xəyyat Mirzənin, Növrəs İmanın, Mirzə Səmədin, Qulu Məmmədhüseynin, elmə bəlli olmayan nümunələri vardır. Təəssüflə deyək ki, o yaddaş söz bilicisinin yaddaşından yazıya köçürülmədir. Murad kişinin zil səsi vardı. Çoban Əfqanın həyatının və yaradıcılığının ən doğru bilicisi Murad kişi idi. Çoban Əfqanın el arasında məhşur olan bir şeirini məhz o bilirdi və ondan yazıya almışıq.
Murad kişinin səsi-soraği aləmə yayıldığından hamı onun oturduğu məclisdə iştirak etməkdən çəkinirdilər. "1953-cü il oktyabr ayının 21-də Nov-ruz¬lunun şəyirdi Nəsir Qazaxda Çaylı Novruzov Muradla ye¬mək¬xanada oturub çörək üstə höcətləşirlər. Murad kişi deyir:
– Nəsir, sənin ustadın Şair Novruzlu mə¬nim qabağımda tab gətirə bilməz. Nəsir evə qayıdıb usta¬dına belə yazır:
Nəsir
Başına döndüyüm, ay Şair Temraz,
Bir aşıx sazını alajax sənin.
Çalandı, çağırandı, tutur yaxşı saz,
Bir sutqa qulluğunda qalajax sənin.

Novruzlu
Al cavabın verim, ay Nəsir sənin,
O kimdir sazımı alajax mənim.
Ola bilsin tanış olax, dost olax,
Yəqin ki, qonağım olajax mənim.

Nəsir

Özünnən deyən döy sözləri çoxdu,
Bələdəm halına sözləri çoxdu.
Hərbə, zorba gəl sən onu qorxut,
Yoxsa ki, saqqalın yolajağ sənin.
Novruzlu

Özünnən nə dedi o çayxanada,
Olmuya toxundu sənə, mənə də.
Kefi saz olarmış o dəmxanada,
Bildim ki, əhvalım sorajaq mənim.

Çaylı Murad kimi digər söz bilicilərindən biri də Qasım kişi olub. Deyilənə görə Qasım kişinin əyləşdiyi məclisdə aşıqlar məhz onun sorğu-sualından çəkinərmişlər. Dərin hafizəyə malik olduğundan elə bir yerdə aşığı imtahan edərmiş ki, aşıq çaşıb qalarmış. Aşıqlar daha çox dastanlardan, Aşıq Alıdan, Sarı Aşıqdan, Aşıq Ələsgərdən, Növrəs İmannan, Molla Cümədən imtahan olunarmışlar. Havacatların doğru-dürüst ifa edilməsinə də söz biliciləri həssaslıqla yanaşarmışlar. Belə insanlar bütün bölgələrdə olublar. Onlar bir növ ustadların yetişməsində, aşıq yaradıcılığının doğru-dürüst inkişafında xalq arasında müstəsna rol oynayıblar. Məclis idarə edən aşıq həm xalqın qarşısında, həm də söz bilicilərinin qarşısında imtahan edilirmişlər.
Söz bilicilərini aşıq yaradıcılığı kontekstində öyrənilməsi məqsədəuyğundur. Çünki tamlığı ilə aşıq yaradıcılığını özlərində ehtiva edən söz biliciləri sinədəftər insanlardan bu üstünlüklərinə görə bilavasitə fərqlənirlər. Aşıq yaradıcılığının toplanması ilə məşğul olan zaman təbii ki, hər bir bölgənin birinci psixologiyasını öyrənmək lazım olur. Bununla yanaşı həmin bölgədə söz ehtiyatı çox olan, yaddaşı iti olub, aşıq yaradıcılığını dərindən bilən adamlarla maraqlanmaq lazım gəldikdə onlar da söz bilicilərinə yönəldirlər. Onlar hətta XIX əsrin və ondan qabaqkı əsrlərin də yazıb yaradanlarının yaradıcılığını bilməklə yanaşı həm də şəkillərini yığıb saxlayırlar. Söz biliciləri sözün fəlsəfəsini, sözün məhvərini dərindən bildikləri üçün sözə sahib çıxırlar. Qazax aşıq mühitinin ustad aşıqlarından olan Məhəmmədəli Məşədiyevi söz bilicisi kimi dəyərləndirmək olar. Çünki aşıq Məhəmmədəli Məşədiyev aşıq havalarının düzgün yazılış qaydalarını, dastanları, uştad aşıqların yaradıcılığını, Azərbaycan poeziyasını, klassik ədəbiyyatı mükəmməl bilir. Onun fenomen yaddaşı var.
Söz biliciləri arasında qadınlar olsa da onlar məclislərə getməz yeri gəldikdə bildiklərini əsirgəzəmlər. Belə qadınlar əsasən evdar qadınlardır.

İlhamə Qəsəbova
filologiya üzrə fəlsəfə doktoru