

Nərgiz Cəlilova- 65
Deyəsən, dünyanın axırına az qalıb. Axı, rəvayyətlərə görə, yağla şorun qiyməti bərabərləşəndə dünya da dağılacaq. İyirmi üç yaşından qırx iki il televiziyada çalışasan, amma qədirini bilən, qiymətini verən kimsə olmaya. Nə olsun ki, xalq səni sevir, gərək Tanrı da sevsin. Televiziya aparıcısı, prodüser Nərgiz Cəlilovanı deyirəm. O, 1960-cı il iyun ayının 10-da Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 15 ilə qədər AZTV-də çalışıb. Sonra isə ABA, Space, Lider və Xəzər kanallarında işləyib...
Deyir ki:- “Çox xoşbəxt insanam, çünki səhnədə və efirdə səviyyəmi qorumağı bacarmışam. Bu, hər adamda belə alınmır. Əminəm ki, bu dəyərli görünüşü hələ uzun müddət saxlayacam. Peşəmi çox sevirəm, çalşıram ki, bu sahədə özümü uzun müddət göstərim. Çünki nə vaxtsa bu sənət məni xilas edib. Şəxsi həyatımda olmasa da, işimdə xoşbəxtəm. Düzdür, mən də bir vaxtlar xoşbəxt, kiminsə sevimlisi olmuşam. Gözəl həyat yaşamışam. Amma təəssüf ki, qızım təkdir. Həyatımda ən böyük səhvim ikinci dəfə ana olmamağımdır. Qızımın 10 yaşı olanda boşandım və heç vaxt ailə qurmadım…”
Onu həmişə diqqətlə izləmişəm, maraqlı müsahibələr aparır. İndiyədək aparıcısı olduğu verilişlərin hamısı gözəl alınıb. Həm diktor və həm də aparıcı kimi peşəkardır...
“Biri var ki, bir işin məktəbini bitirmiş olasan, biri də var ki, o Allahdan sənin üçün açılan cığırdır. Televizorda müsabiqə olmasını təsadüfən görmüşdüm, sənədlərimi təqdim etdim. Müsabiqədən keçəndən sonra, Azərbaycan televiziyasında çalışmağa başladım. Mənə elə gəlirdi ki, hər zaman bu peşəyə doğru gedirmişəm. Bu, Allahın qismətidir. Nələrsə var imiş, Allah onların açılmasını istədi. Düşünürəm ki, başqa bir peşədə də çalışsaydım, orada sıradan biri kimi yox, şəxsiyyət, seçilmiş fərd kimi olmağa can atacaqdim. Çünki, bu, mənim qanımda-canımda var.”- söyləyir.
Arzuları çox da böyük olmayıb. Orta məktbdə oxuyarkən musiqi təhsili də alıb. Lakin sonda konservatoriyanı deyil, Azərbaycan Dövlət Neft Akademiyasını seçib. Və orada da özünü tapa bilməyib. Çünki incəsənətə, mədəniyyətə meyilli adam olub...
Deyir ki:- “1983-cü ildən Azərbaycan televiziyasında çalışmışam. Bizdə o zaman qonarar yox idi, stavka deyilən əməkhaqqı alırdım. Bir stavka 4 rubl idi. Stavkaların yazılması isə insafa bağlı idi. Ay ərzində yazılan həmin stavkalar toplanırdı və müəyyən məbləğə çevrilirdi. Maaşımız təzə-təzə gələndə 110 rubl idi, sonra yavaş-yavaş artdı. Heç xatırlamıram ilk maaşıma nə aldım. Səhnədə olarkən, yaşadığın o hissi heç bir şeylə müqayisə etmək mümkün deyil. O unsiyyət, canlı nəfəs adama elə bir ruh yüksəkliyi verir ki, bu heç nə ilə müqayisə olunacaq deyil. Bu, bir başqa aləmdir. Onu da deyim ki, aparıcı olan şəxs hər şeydə maraqlı olmalıdır. Cəmiyyətə, bir məclisə çıxanda, bir dükana girəndə, elə küçənin özündə də hər zaman özəl olmalıdır. İnsanlar onu televiziyada görürlər və düşünürlər ki, görəsən bu, həyatda necədir? Məncə böyük fərq olmamalıdır. Çünki televiziyada olarkən, yüz faiz dəyişə bilməzsən. Sadəcə, bir az insan özünü yığır...”
Bəli, Nərgiz Cəlilovanı özü dediyi kimi, xoşbəxt adam hesab etmək olar. Amma, zəhmətinə hələ də dəyər verilmədiyi üçün, xoşbəxtliyi tam deyil. Doğrudur, uzun müddət insanların yaddaşında yaşayacaq. Haqqında sevə-sevə danışacaqlar. Fəqət, yenə də nəsə çatmayacaq...
İyunun 10-u onun yubileyidir, 65 yaşı tamam olur. Onu təbrik edir, möhkəm cansağlığı arzulayıram. İnanıram ki, Ulu Tanrı bu dəfə onun qismətinə layiq olduğu mükafatı yazacaq...
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu