Gül yanaqlı Gülyanaq xanım... Mədəniyyət

Gül yanaqlı Gülyanaq xanım...

Atası Zakir kişi musiqiçi olduğundan, övladlarının da bu sənətdə olmasına pis baxmayıb. Qızları hər dəfə müsabiqədən qalib gələndə, çox sevinib. Və bu yolda qızlarına özü cığır açıb. Hətta böyük qızı Gülyazı istəyi ilə Bakıya gətirib, Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olunmasına şərait də yaradıb...

Deyir ki:- “Atamız daha çox bizim ali təhsil almağımağımızı düşünürdü. Valideyn kimi adımızın təmiz olmasını istəyirdi. Bəzən tərəddüd içərisində olurdu ki, qız uşaqları Bakıya gedib təkbaşına nə edəcəklər? Ailə qurub sonra oxumaq dalınca getməyimizi istəyirdi. Amma o da mümkün deyildi. Mən bu işə gəlib yiyələnmədən ailə qursaydım, hər şey bir kənarda qalacaqdı. Ona görə də mən inadkarlığımla öz karyeramı qurdum. Otuz ildən çoxdur ki, səhnədəyəm. Doğrudur, kənddə böyümüşəm, təbii ki, hər kəs kimi mənim də arzularım olub və bu arzularla sənətə qədəm atmışam. Çox şükür, arzuma nail oldum. Hardan hara gəldiyini, hansı çətinliklərdən keçdiyini unudan adam gələcəyini görə bilməz.”

Uşaqlığı kənddə, zəhmətkeş insanların arasında keçib, həm dərslərini oxuyub, və həm də mədəni kütləvi tədbirlərdə iştirak edib. Təsərrüfat işlərini, dərslərini, bir də sənəti sevib. Və onu bu sənətə öz istəyi, sevgisigətirib...

“Kənddən gələndə Allaha əl açdım ki, qəbul olunum, oxuyum, arzuma çatım. Heç vaxt təkəbbürlü, eqolu olmadım. Tələbəlik illərini başa vurdum, Bakıda yaşadım, sənətdə gələndən 5 il sonra Ulu öndər tərəfindən Əməkdar artist adına layiq görüldüm.”- söyləyir.

Bəli, bu dəfə sizə xalq artisti Gülyanaq Məmmədovadan söhbət açmaq istəyirəm. O, 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992–1996-cı illərdə indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin muğam şöbəsində, 1996–2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. Sonra, 2002-ci ildə universiteti magistr dərəcəsi ilə başa vurub...

Deyir ki:- “Koronovirus zamanı məndə panik atak yarandı, düz altı ay xəstə yatdım. Öz canımdan qorxmurdum, uşaqlar, yoldaşım bacı-qardaş, hamının dərdini çəkə-çəkə özüm xəstələndim. Sağ olsun psixoloqum, bir dərmanla sağaltdı məni. Amma həyəcanlananda, qorxanda, stress yaşayanda yenidən qayıda bilər. Yoldaşımda polipdən çevrilmə adenokarsinoma aşkarlanmışdı. Bunu öyrəndiyimdə panik atak yenidən qayıtdı. Üç gün əlim-ayağım əsdi. Özümə dedim ki, mən güclü olmalıyam ki, onu qoruya bilim. Çöldə ağlayıb, yanında gülümsünürdüm ki, heç nə anlamasın. Səkkiz aya yaxın Türkiyədə müalicə olundu. Əməliyyatla ondan iki kilo şiş çıxardılar. O qədər qorxu yaşadım ki, onu əməliyyatdan çıxarıb, məni əməliyyat otağına saldılar. Böyrəyimdən əməliyyat olundum. Stressdən bütün orqanlarımın iş prinsipi pozulmuşdu.”

Zəhmətkeşdir. İradəli və inadkar xanımdır. Çətinliklərə sinə gərməyi bacarır. Arzularını həyata keçirməkdə əzmkardır. Yeniyetmə yaşlarında bağda-bostanda işləyəndə arzu etdiyi müğənnipeşəsinə də, onu elə əzmkarlığı gətirib.Təkəbbürdən uzaq, səmimi birisidir. Uşaqlıq dövründə tütünlə, ipəkqurdu yetişdirməklə məşğul olduğunu danmır...

“Çox çətin idi tütünlə məşğul olmaq, ipəkqurdunu yetişdirmək. İnsan nə qədər inamlı olarsa, Allah ona mükafat verər. Zəhmətinlə nə isə əldə edəndə onun qədir-qiymətini də bilirsən. Bəli, unutmamışam ki, bir vaxtlar əkinlə məşğul olmuşam, tütün əkmişəm, becərmişəm. Nə olsun ki, əsas odur ki, bu gün sənətkar kimi xalq məhəbbəti qazanmışam, gözəl ailəm var.”- söyləyir.

Allaha gecə-gündüz yalvarır ki, eqoizmdən uzaq olsun. Sadə həyatı çox xoşlayır, özünü cəmiyyətin bir üzvü hesab edir və insanları çox sevir. “Məni mən edən insanların sevgisidir. Bu sevgiyə qarşı necə eqolu olmaq olar?”- deyə, sual verir...

Deyir ki:- “Sizə bir şey danışım, indiki evimdən öncəki ev “Xruşşovka” idi, beşinci mərtəbədə yaşayırdıq. Tanınırdım, Əməkdar artist idim. Arabir səhər saat beşdə yuxudan durub, beşinci mərtəbədən birinci mərtəbəyə qədər pilləkənləri süpürüb yuyurdum. İstəyirdim ki, təmizlik olsun. Heç kəs də bilmirdi ki, bunu mən edirəm. Süpürgə əlimə yapışmayacaqdı ki. Kənddə doqqazdan evə qədər meydan boyda yer idi, hər gün süpürmürdükmü? Tütün düz, su daşı, həyət-baca təmizlə. Kənd uşaqları hamısı görür bu işləri...”

O, 1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən Rəşid Behbudov adınaMahnı Teatrında vokalist kimi çalışır...

Bəli, xalq artisti, yüksək dərəcəli vokalist Gülyanaq Məmmədova belə xanımdır. İyunun 10-da növbəti yaşına qədəm basacaq. Ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu