
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə görkəmli alim və ictimai xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılarından biri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Musiqi Akademiyasından məlumat verilib.
Bildirilib ki, Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli akademikin elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirib, onun Azərbaycan elminə bəxş etdiyi dəyərlər barədə fikirlərini iştirakçılarla bölüşüb.
Tədbir çərçivəsində “Həyat formulu” adlı sənədli filmi nümayiş olunub. 2005-ci ildə çəkilmiş film akademik Yusif Məmmədəliyevin həyatına, elmi fəaliyyətinə və Azərbaycan elminə verdiyi töhfələrə həsr olunub.
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva “Akademik Yusif Məmmədəliyev: portretə cizgilər” adlı məruzəsində akademikin ailəsi və elmi fəaliyyəti haqqında məlumat verib, həmçinin qızı Sevda xanıma məktubundan, “Etiraf” şeirindən parçalar səsləndirib. Yusif Məmmədəliyevin tara olan sevgisindən bəhs edib. T.Məmmədəliyeva çıxışını Qara Qarayevin “Prelüdiya lya major” əsərinin musiqi ifası ilə tamamlayıb.
Beynəlxalq müsabiqələr laureatı, “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi Güllübəyim Məmmədovanın ifası və Şəhla Quliyevanın müşayiəti ilə Asəf Zeynallının “Ölkəm” əsəri səsləndirilib.
Tədbirdə akademikin qardaşı qızı, “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının professoru, Əməkdar müəllim Lalə Məmmədəliyevanın “Akademik Yusif Məmmədəliyev haqqında xatirələrim” adlı məruzəsi dinlənilib.
Tədbirin moderatoru BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Akademik Yusif Məmmədəliyevin elmi kəşfləri haqqında görkəmli alimlərin xatirələri” adlı məruzədən sonra AMEA-nın müxbir üzvü Ayaz Əfəndiyevin, akademiklər Hacıbəy Sultanovun, Məhərrəm Məmmədyarovun , Telman Əliyevin çıxışlarından ibarət qısametrajlı film nümayiş etdirilib.
Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, akademik Yusif Məmmədəliyev neft-kimya elminə verdiyi töhfələrlə, xüsusilə yüksək oktanlı aviasiya yanacaqlarının istehsalının yeni üsulunu kəşf etməsi ilə şöhrət qazanmışdır. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır.
Tədbirdə həmçinin akademiyanın elm və innovasiyalar məsələləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, tədris işləri üzrə prorektor, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, eləcə də akademik Yusif Məmmədəliyevin ailə üzvləri, elmi-tədqiqat laboratoriyasının əməkdaşları, BMA-nın müəllim və tələbələri iştirak edirdilər.