
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələr hər zaman mühüm əhəmiyyət kəsb edib.
Hər kəsə bəllidir ki, Bayden dönəmində Bakı-Vaşinqton xəttində yaşanan gərginliklər problemlərə yol açırdı. ABŞ Azərbaycana təzyiqlərini artırmışdı, məqsəd Ermənistana dəstək nümayiş etdirmək, sülh prosesini pozmaq, beləliklə də bölgədə qarşıdurma vəziyyətini saxlamaq idi.
Xüsusilə dövlət katibi Blinkenin bu istiqamətdə fəallığı, bütövlükdə Bayden hökumətinin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq Ermənistana açıq dəstək nümayiş etdirməsi və Azərbaycana təzyiq xarakterli addımlar atması Prezident İlham Əliyevin prinsipiallığı nəticəsində neytrallaşdırıldı.
Təbii ki, bu siyasətin fiaskoya uğraması Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasətinin və cəsarətli addımlarının nəticəsi idi.
Əlbəttə, ABŞ-nin daxili durumunu düzgün dəyərləndirmək, mövcud geosiyasi vəziyyəti və real mənzərəni görmək növbəti perspektiv üçün çox ciddi əhəmiyyətə malikdir.
Dövlət başçısının hələ Bayden dönəmində, ABŞ-də seçki ərəfəsində Trampa dəstək ifadə etməsi kifayət qədər uzaqgörən, praqmatik və mövcud geosiyasi reallıqlara tamamilə adekvat yanaşmanın göstəricisidir.
Təsadüfi deyil ki, Tramp hakimiyyətə gələndən sonra Azərbaycanla münasibətlər fərqli məcraya qədəm qoydu.
Prezident İlham Əliyevin ötən il avqustun 8-də ABŞ-yə səfəri, ən yüksək səviyyədə qarşılanması tarixi hadisə və yürüdülən doğru siyasi xəttin təzahürü idi.
Hər kəsə bəllidir ki, ABŞ-də erməni lobbisi çox güclü dayaqlara, seçkilərdə ciddi təsir imkanlarına və böyük maliyyə resurslarına sahibdir.
İndiyə qədər ABŞ prezidentləri, konreqsmen və senatorlar bu amilə həssas yanaşır və buna görə də Ermənistanın maraqlarını nəzərə almağı zəruri hesab edirdilər.
Ədalətsiz “907-ci düzəliş” də məhz bunun nəticəsi olaraq meydana çıxmışdı.
Amma bu dəfə durum fərqli idi. Azərbaycanla münasibətlərə önəm verən Tramp məsələyə fərqli yanaşırdı.
İki ölkə arasındakı münasibhətlərin tarixində ilk dəfə idi ki, erməni lobbisinin bütün cəhdləri fiasko ilə nəticələndi.
Azərbaycana qarşı daim işğalçılıq siyasəti yürüdən və lobbinin gücü ilə beynəlxalq dəstək əldə etməklə planlarını reallaşdırmağı bacaran Ermənistan çıxılmaz durumla üzləşdi.
Nəticədə “Qarabağ Ermənistandır nöqtə”,-şüarı ilə çıxış edən və istər 44 günlük müharibədə, istərsə də bir günlük antiterror tədbirlərində darmadağınla üzləşməsinə baxmayaraq, prosesi uzatmağa, manipulyativ addımlarla revanş üçün zəmin formalaşdırmağa çalışan Ermənistan dövləti ciddi beynəlxalq siyasi uğursuzluğa düçar oldu. Bununla da Azərbaycanın şərtlərini tədricən qəbul etmək məcburiyyətində qaldı.
Beləliklə də istər bölgədə, istər beynəlxalq siyasi arenada, o cümlədən ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açıldı.
Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-yə səfəri və əldə olunan uğurlar kifayət qədər dəqiq hesablanmış siyasi xəttin məntiqi davamı idi və bu səfər ABŞ-Azərbaycan əlaqələrini yeni mərhələyə daşıdı.
Uğurlu diplomatik proses nəticəsində münasibətlər normallaşdı və inkişaf etməyə başladı, tərəflər arasında bir sıra sənədlər imzalandı, qərarlar qəbul edildi.
“907-ci düzəliş”in dondurulması, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması və Vensin Azərbaycana səfəri çərçivəsində imzalanması, TRİPP layihəsi haqqında razılaşma və digər addmlar tarixi prosesin tərkib hissəsidir.
Baş verən proseslərə nəzər saldıqda müharibədə qalib çıxmış Azərbaycanın bütün beynəlxalq təzyiqlərə rəğmən geri addım atmaması, milli maraqların təmini üçün cəsarətli davranış sərgiləməsi, Ermənistanın sülh gündəliyinə uyğun siyasət yürütməyə məcbur qalması diplomatik fəaliyyətin cəbhədə qazanan uğurlara adekvat olduğunun göstəricisidir.
Tarix boyu hədə ritorikasını dövlət siyasətinə çevirən Ermənistan bu gün Azərbaycanla münasibətlərə ehtiyatlı yanaşır, sülh gündəliyinə zidd davranmağa cəsarət etmir, rfevanşizmdən itminanı daxili islahatların tərkib hissəsi kimi görür, “real Ermənistan” konsepsiyasını irəli sürür.
Artıq bögədə geosiyasi reallıqlar dəyişib, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənib, ədalət öz yerini tapıb və bu prosesin geridönüşü yoxdur...
Əli Zülfüqaroğlu
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru