
“Bu gün Vaşinqton Cənubi Qafqaz siyasətində həm Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışır, həm də Azərbaycanla münasibətlərində yeni mərhələ formalaşdırır. Bayden administrasiyası dövründə ABŞ-nin Azərbaycana təzyiq cəhdləri, ikili standartlara əsaslanan yanaşmaları və Konqresdə qəbul edilən qərəzli qətnamələr ikitərəfli münasibətləri son illərin ən aşağı səviyyəsinə endirmişdi. Prezident seçkiləri ərəfəsində Prezident İlham Əliyevə ABŞ-də kimin prezident seçilməsini arzuladığı ilə bağlı sual verilərkən dövlət başçısı bildirmişdi ki, bu seçimi Amerika xalqı etməlidir. Bununla yanaşı, o, Azərbaycanın Donald Trampla işləməyə hazır olduğunu da ifadə etmişdi”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat söyləyib ki, Donald Tramp prezident seçildikdən sonra ABŞ-nin Cənubi Qafqaza münasibətində yeni yanaşma müşahidə olunmağa başladı: “Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlər ABŞ–Azərbaycan münasibətlərində, eləcə də Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələnin əsasını qoydu. İlk növbədə qeyd etmək lazımdır ki, Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı. Həmçinin yekun sülh müqaviləsinin imzalanmasına mane olan əsas məsələlərdən biri hesab edilən ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin hazırlanması barədə razılıq əldə olundu”.
A.Badamovun sözlərinə görə, bununla yanaşı, ABŞ və Ermənistan arasında TRIPP layihəsinin həyata keçirilməsinə dair razılaşma da təsdiqləndi: “Vaşinqton görüşünün ən yaddaqalan hadisələrindən biri Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında Oval kabinetdə keçirilən görüş oldu. Həmin görüş zamanı ABŞ Prezidenti Azərbaycana münasibətdə uzun illər tətbiq olunan 907-ci düzəlişin fəaliyyətini dayandırdı. Eyni zamanda, Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Memorandumunun hazırlanması məqsədilə birgə komissiyanın yaradılması barədə qərar qəbul edildi. Bundan başqa, Prezident İlham Əliyevə Ağ Evin rəmzi açarının təqdim olunması da Azərbaycan–ABŞ münasibətlərinin tarixində simvolik əhəmiyyət daşıyan hadisə kimi yadda qaldı. Ümumilikdə demək olar ki, 8 avqust Vaşinqton görüşü Azərbaycan–Ermənistan sülh prosesinin irəliləməsi, TRIPP layihəsinin icrasına start verilməsi və Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi baxımından əlamətdar tarix oldu”.
O əlavə edib ki, həmin gün Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar diplomatik müstəvidə də öz təsdiqini tapdı: “Vaşinqton görüşü Cənubi Qafqazın qarşıdurma məkanı deyil, sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya regionuna çevrilməsi istiqamətində mühüm siyasi mesaj verdi. Son bir il ərzində Azərbaycan öz mövqeyinə sadiq qalaraq regionda etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atıb. Bu müddətdə Ermənistana öz ərazisindən tranzit yüklərin daşınmasına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb, eyni zamanda Ermənistana neft məhsullarının ixracına başlayıb. Hesab edirəm ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırıldıqdan sonra iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması üçün hüquqi və siyasi zəmin tam formalaşacaq. Bu isə Cənubi Qafqazın təhlükəsiz, sabit və beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradan regiona çevrilməsinə xidmət edəcək.
Sonda qeyd edə bilərəm ki, regionda yaranmış yeni reallıqların, sülhün və əməkdaşlığın formalaşmasının müəllifi Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin və diplomatik fəaliyyətin uğurları. Azərbaycanı daha güclü etməklə dünyada etibarlı və ləyaqətli tərəfdaş imicini möhkəmləndirir”.
Röya İsrafilova