Ötən il Neft Fondu 5,8 milyard dollar dəyərində əlavə qızıl alıb İqtisadiyyat

Ötən il Neft Fondu 5,8 milyard dollar dəyərində əlavə qızıl alıb

2025-ci il ərzində Dövlət Neft Fondu (ARDNF) 5 milyard 793,2 milyon ABŞ dolları məbləğində 53,4 ton əlavə qızıl alıb.

Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.

Məlumata görə, il ərzində beynəlxalq bazarlarda qızılın qiymətindəki artım nəticəsində Fondun büdcədənkənar gəlirləri 9 milyard 915,4 milyon ABŞ dolları təşkil edib. Hesabat ilinin sonuna Fondun qızıl alt portfelinin ümumi dəyəri 28 milyard 63,2 milyon ABŞ dollarına çatıb və bu aktivlərin Fondun investisiya portfelindəki payı 17,6% artaraq 38,2% olub.

2025-ci ildə Fond tərəfindən alınmış qızıl üzrə orta alış qiyməti 3 373,55 ABŞ dolları təşkil edib. Bununla yanaşı, əvvəlki dövrlərdə əldə edilən qızıl ehtiyatları da nəzərə alınmaqla, qızıl alt portfeli üzrə orta alış qiyməti 2 158,35 ABŞ dolları səviyyəsində formalaşıb.