“Bu prosesin Rusiyanın gözləntilərini doğruldacağını düşünmürəm”
Kobaxidze: Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində çox mühüm rol oynayır
Ağdərə və Xocalının kəndlərinə növbəti köç karvanları yola salınıb - FOTO
İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 1100-ü keçib
İran: Avropanın tələbi ilə Rusiya ilə münasibətləri kəsməyəcəyik
11:30
511
Azərbaycan Dövlət Kukla Teatrında Süleyman Sani Axundovun ölməz “Qaraca qız” hekayəsinin premyerası anşlaqla keçib. “Qorxulu nağıllar” silsiləsinə daxil olan təsirli hekayə 1948-ci ildə Abdulla Şaiq tərəfindən səhnələşdirilərək pyesə çevrilib və zamanla ölkənin müxtəlif teatrlarında uğurla tamaşaya qoyulub. Kukla Teatrının səhnəsində isə bu əsər təxminən 1970-ci illərdə oynanılıb və qısa müddət sonra repertuardan çıxarılıb. Uzun illər fasilədən sonra əsərə yenidən müraciət olunması bir növ onun səhnəyə qayıdışıdır. Bu dəfə “Qaraca qız”a həzin və düşüncəli yanaşma gətirilib, onun vizual gücü artıb. Beləcə klassik əsərin bədii ruhunu qorumaqla yanaşı, müasir uşaq auditoriyasına uyğun dramaturji və vizual həllər tətbiq edilib. Nəticədə final səhnəsində faciə yumşalaraq, qəhrəman simvola - əfsanəyə çevrilib, ona ümidverici mesaj qazandırıb.
Bunu AZƏRTAC-a açıqlamasında teatrın mətbuat katibi Həmidə Rüstəmova deyib.
O qeyd edib ki, tamaşanın yeni səhnələşdirmə və quruluş müəllifi rejissor Səidə Haqverdiyevadır.
“Səhnə əsərinin musiqi tərtibatı xüsusi qeyd olunmalıdır. Əməkdar artist Vüqar Camalzadənin bəstələri, Sevinc Nuruqızının yazdığı mahnı sözləri əsərin emosional dərinliyini daha da gücləndirir. Quruluşçu rəssam Rəvanə Yaqubova isə kuklalar və səhnə elementləri vasitəsilə əsərin həm realist, həm də nağılvari atmosferini balanslı şəkildə təqdim edib. Birhissəli uşaq tamaşasında obrazları Prezident mükafatçısı Aygül Ağayeva, aktyorlar Cavid İbrahimov, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli Abbasova və Bayram Ağamalıyev ifa edirlər.
Sürətli keçidlər sayəsində həm nağılçı, həm də kukla ifaçısına çevrilən aktyor heyəti tamaşaçı ilə kukla arasındakı emosional ünsiyyəti təsirli edə biliblər. Bu mənada musiqi və səhnə hərəkəti ilə sinxronluq uşaqlar və böyüklər tərəfindən maraqla qarşılanır”,- deyə H.Rüstəmova əlavə edib.