Gənclər Kitabxanasında tanınmış türk yazıçısı Əziz Nesinin xatirəsi anılıb Mədəniyyət

Gənclər Kitabxanasında tanınmış türk yazıçısı Əziz Nesinin xatirəsi anılıb

Bu il türk yazıçısı, publisist və dramaturq Əziz Nesinin anadan olmasının 110 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli dramaturqun həyat və yaradıcılığından bəhs edən “Kiçik satirik və yumoristik hekayənin böyük ustası: Əziz Nesin” adlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsait görkəmli türk yazıçısı, publisist və dramaturq Əziz Nesinin çoxşaxəli ədəbi və bədii irsini gənclər arasında tanıtmaq və təbliğ etmək məqsədilə hazırlanıb. Biblioqrafik icmalda yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat, görkəmli şəxslərin Əziz Nesin haqqında söylədikləri dəyərli fikirlər, “Əziz Nesindən gözəl sözlər”, “Əziz Nesin: “Yaşar nə yaşar, nə yaşamaz” - olmaqla olmamaq arasında əzilənlərin hekayəsi”, “Satira və yumorun iki ustadı: Mir Cəlal və Əziz Nesin”, “Xatırladığım ömür və Əziz Nesinin bildikləri” adlı məqalələrin tam mətni yer alır.

Tərtib olunan vəsaitdə Əziz Nesinin müəllifi olduğu əsərlərin və haqqında qələmə alınan kitabların biblioqrafik təsviri, qısa annotasiyası, dövri mətbuat məqalələrinin siyahısı da istifadəçilərə təqdim olunur.

“Kiçik satirik və yumoristik hekayənin böyük ustası: Əziz Nesin” adlı biblioqrafik icmal kitabxananın rəsmi saytında yerləşdirilib.