Anar yenidən AYB sədrliyinə namizəd olacaq Mədəniyyət

Anar yenidən AYB sədrliyinə namizəd olacaq

Yazıçılar Birliyinin qurultayına 439 nümayəndə seçilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar qurumun iyunun 17-də keçiriləcək qurultayında yenidən sədrliyə namizədliyini irəli sürəcək.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, Anar bildirib ki, namizədliklə bağlı ona çoxsaylı suallar ünvanlansa da, o, indiyədək qərarını açıqlamamışdı: "Anar müəllim bildirib ki, Yazıçılar Birliyinin növbəti beş ildə sədrliyi üçün qurultaya öz namizədliyini irəli sürəcək. Qurultay nümayəndələri onu yenidən bu postda görmək istəsələr və səs versələr, əlbəttə, yenidən sədr postunda seçilmək istəyər".
X.Rza əlavə edib ki, birliyin 80 illik yubileyi münasibətilə xalq yazıçısı və digər fəxri adlarla bağlı təqdimatlar artıq göndərilib.
Qeyd edək ki, Yazıçılar Birliyinin (AYB) iyunun 17-də keçiriləcək qurultayına 439 nümayəndə seçilib. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, qurultay nümayəndəsi seçilən üzvlər arasında Azərbaycanın məşhur yazıçılarından Maqsud İbrahimbəyov, Vilayət Quliyev, Mövlud Süleymanlı, Kamal Abdulla, Afaq Məsud və digərlərinin adı var.
Qeyd edək ki, qurultaydan bir gün sonra - iyunun 18-də Beynəlxalq Muğam Mərkəzində AYB-nin 80 illik yubiley tədbiri qeyd olunacaq.