“İpək Yolu - dialoqa aparan yol” beynəlxalq festivalı Mədəniyyət

“İpək Yolu - dialoqa aparan yol” beynəlxalq festivalı

Azərbaycanın Xorvatiyadakı səfirliyi iyunun 9-dan 14-dək Korçula şəhərində (məşhur səyyah Marko Polo orada doğulub) keçirilən III "İpək Yolu - dialoqa aparan yol" adlı Beynəlxalq Marko Polo Festivalında iştirak edib. Xorvatiya Respublikası Prezidenti, bu ölkənin Turizm və Mədəniyyət nazirliklərinin himayəsi ilə təşkil olunan festivalın əsas məqsədi müxtəlif xalqlar arasında dialoqu inkişaf etdirmək və Böyük İpək yolunun keçdiyi ölkələrdə formalaşmış unikal mədəniyyətləri təbliğ etməkdir.
Festival çərçivəsində "İpək Yolu" ölkələrinin bədii filmlərinin, xalqlararası dialoqa, tolerantlığa çağıran sənədli filmlərin nümayişi, müvafiq ölkələrin mədəniyyətlərinə aid sərgi, musiqi və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Builki festivalda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar olaraq, ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, Cümhuriyyətin 1919-cu ilin yanvarında Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edən "Əbədi ezamiyyət" sənədli filmi ilə təmsil olunub.
Tədbirin açılış mərasimində çıxış edən səfir Fəxrəddin Qurbanov bildirib ki, mənbələrdə Marko Polonun Azərbaycana da gəldiyi qeyd edilir. Belə ki, səyyah əsərlərində Abşeronda neft yataqlarının mövcudluğu barədə məlumat verib, məşhur "Yanardağ"ı təsvir edib. Diplomat deyib ki, ölkəmiz mədəni tədbirlərin keçirilməsinə xüsusi önəm verir və festival çərçivəsində "Əbədi ezamiyyət" sənədli filmi ilə yanaşı, ölkəmizin mədəniyyətini, tarixini, incəsənətini, musiqisini, milli mətbəxini əks etdirən sərgi də təşkil olunub. Festival çərçivəsində Fəxrəddin Qurbanov Xorvatiyanın dövlət telekanalı HRT-nin müxbirinə müsahibə verib. Müsahibədə ölkəmizin Beynəlxalq Marko Polo Festivalında üçüncü dəfə təmsil olunduğu bildirilib. Səfir bu festivalın müxtəlif xalqlar arasında dialoqun inkişafına xidmət etdiyini və bu qəbildən olan tədbirlərin Azərbaycanda hər il keçirildiyini vurğulayıb. Fəxrəddin Qurbanov bu il oktyabrın 4-5-də keçirilməsi nəzərdə tutulan və ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında da danışıb. Habelə məlumat verib ki, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olub və yubileylə əlaqədar Xorvatiyada ölkəmizin müstəqillik tarixinə, mədəniyyətinə və təbliğinə dair bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Beynəlxalq Marko Polo Festivalı çərçivəsində sərgi təşkil edilib. Azərbaycan üçün ayrılmış masa və stenddə Cümhuriyyətin tarixinə, dövlət rəmzlərinə dair materiallar, eləcə də respublikamızın mədəniyyətini, turizm imkanlarını əks etdirən kitablar, bukletlər, broşürlər, suvenirlər və milli geyimlər nümayiş olunub.