ABŞ-da “Əbədi Ezamiyyət” filminin premyerası keçirilib Mədəniyyət

ABŞ-da “Əbədi Ezamiyyət” filminin premyerası keçirilib

Kaliforniyanın Los-Anceles şəhərində Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illiyinə həsr olunan geniş tədbir keçirilib.
Tədbirdə Heydər ƏliyevFondunun dəstəyilə Bakı Media Mərkəzinin çəkdiyi və Arzu Əliyevanın icraçı prodüseri olduğu, 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən "Əbədi Ezamiyyət" filmi nümayiş etdirilib.
Los-Ancelesin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində keçirdiyi tədbirdə seçkili orqanların nümayəndələri, xarici ölkələrin baş konsulları, müxtəlif icmaların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol (Matt Ball) qonaqları salamlayaraq, bu cür mühüm tədbirə evsahibliyi etdiklərindən məmnun olduğunu bildirib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu və Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev çıxışında 100 il əvvəl, 28 may 1918-ci il tarixində Azərbaycan xalqının tarixinin ilk respublikası olan ADR-i yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib. "Əbədi Ezamiyyət" filmi haqda məlumat verən N.Ağayev, ilk azərbaycanlı diplomatların Azərbaycanın müstəqilliyinin tanıdılması sahəsində göstərdikləri fədakarlıqları yüksək peşəkarlıqla tamaşaçıya çatdıran bu filmin böyük sənət əsəri olduğunu qeyd edib.
Daha sonra premyarada iştirak etmək üçün Los-Ancelesə gəlmiş Vayominq ştatının senatoru Leland Kristensen (Leland Christensen) çıxış edərək, belə bir yüksək önəmli tədbirdə iştirakından məmnunluğunu bildirib. Azərbaycan-ABŞ dostluğunu və tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edən senator Azərbaycanın regionda və dünyada mühüm rol oynadığını və iki dövlət arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümid etdiyini bildirib.
Sonra "Əbədi Ezamiyyət" filmi nümayiş etdirilib. Bu, filmin ABŞ-da ilk nümayişi olub. Film tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Nümayişdən sonra tanınmış amerikalı pianoçu, Yuta Universitetinin professoru Suzan Duelmayerin ifasında Azərbaycan musiqisinin nümunələri təqdim olunub. Qonaqlar həmçinin Azərbaycan mətbəxinin ən müxtəlif ləziz təamları ilə tanış olublar.