Almaniyada “ Azərbaycan Mədəniyyət Günü ” Mədəniyyət

Almaniyada “ Azərbaycan Mədəniyyət Günü ”

"Thuringen Azerbaijani Students Association" (Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası) dekabrın 20-sində Almaniyanın Türingiya vilayətinin Yena şəhərində "Azerbaijan Culture Day" adlı tədbir keçirilib
Fridrix Şiller adına Yena universitetində keçirilən tədbirdə Türingiya vilayətinin müxtəlif universitetlərində təhsil alan alman və digər xarici tələbələr, eyni zamanda yerli sakinlər iştirak ediblər.
"Azərbaycan Mədəniyyət Günü " adlı tədbirin aparıcısı Şəlalə Yusifova ilk öncə çıxış üçün sözü "TASA"-nın sədri Alı Adıgözələ verib.
Təşkilatın sədri qonaqları salamladıqdan sonra, Azərbaycanın tarixi haqqında ümumi məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb. Alı Adıgözəl çıxışında Azərbaycanın dünyada gənc ölkə kimi tanındığını, lakin ölkəmizin tarixi dövlətçilik ənənələrinə malik olduğunu da qeyd edib.
Sonra təşkilat üzvlərinin Azərbaycan haqqında hazırladıqları təqdimatlar nümayiş olunub. Azərbaycan coğrafiyası haqqında Murad Calalov, mədəniyyəti haqqında Dəryən Rüstəmov və Azərbaycanın iqtisadi imkanları barədə Bəhlul Məhərrəmov təqdimatla çıxış ediblər. Tədbir iştirakçılarının daha çox diqqətini cəlb edən isə alman tələbə Pia Plappertin Azərbaycan idmanı haqqında hazırladığı təqdimat olub. Pia Plappert çıxışı zamanı ölkəmizi tanımağında Azərbaycanda keçirilən beynəlxalq yarışların və azərbaycanlı tələbə yoladaşlarının böyük rolu olduğunu deyib. Sonra isə ölkəmizin idman ənənələri və 2015-ci ildə Bakıda keçiriləcək ilk "Avropa Yay Olimpiya Oyunları" barədə ətraflı məlumat verib. Almaniyalı tələbə Azərbaycanı Avropada uğurlu təmsil edən "Qarabağ FK"- nu xüsusi vurğulayıb. Pia Plappert "Qarabağ FK"-nun ev oyunlarını Bakıda keçirməsinə toxunaraq, bunun Qarabağın işğal altında olması ilə əlaqədar olduğunu qeyd edib.
Azərbaycan haqqında geniş təqdimatdan sonra, tədbir iştirakçılarına nümayiş olunan mövzular barədə müxtəlif suallar verilib və qaliblər Azərbaycana aid hədiyyələrlə mükafatlandırılıb. Tələbələrin ifasında Azərbaycan milli rəqsindən nümunələr göstərilib. Alman qızla azərbaycanlı tələbənin "naz eləmə" rəqsini nümayiş etdirməsi böyük coşqu və alqışla qarşılanıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan stendində ölkəmizi əks etdirən müxtəlif kitablar, jurnallar, fotolar və milli geyimlərlə tanış olublar.

Elnur Eltürk