“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31

İyunun 13-də İsrail İrana qabaqlayıcı zərbə endirdi və İranda fövqəladə vəziyyət elan edildi. Bununla bağlı İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, hərbi əməliyyatın məqsədi İranın nüvə infrastrukturuna zərbə endirməkdir.
Daha sonra raketlər və pualarla qarşılıqlı zərbələrlə davam etdirilib. Hazırda vəziyyət gərgin olaraq qalır.
Netanyahu bildirib ki, hədəf həm də İran rejimini devirməkdir. Analoji açıqlamalar İran rəhbərliyi tərəfindən də İsrail hökuməti barədə verilir.
Məsələ ilə bağlı millət vəkilləri “Xalq Cəbhəsi”nə danışıb.
Milli Məclisin deputatı Müşfiq Cəfərov qeyd edib ki, hazırda İsrail və İran arasında baş verən hava hücumları yalnız bu iki ölkəni əhatə edir: “İndi İsrail və İran arasında baş verən silahlı qarşıdurma klassik mənada müharibə kimi dəyərləndirilmir. Tərəflərin quru əməliyyatlar keçirməməsi və aralarında birbaşa sərhəd bağlantısının olmaması bu vəziyyəti genişmiqyaslı müharibə olma şansını azaldır”.
“Dağıdıcı ola biləcəyinə inanmıram”
M.Cəfərov əlavə edib ki, bu müharibədə konkret işğal və ya qələbə faktoru müşahidə olunmur, əsas hədəf bir-birini iqtisadi və siyasi baxımdan zəiflətməkdir: “Bütün hallarda tərəflərin bəzən birbaşa mülki obyektləri hədəfə alması, beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurmalı və hər iki ölkə danışıqlara çağırılmaldır. Düşünürəm ki, bu qarşıdurma da keçənilki gərginliklərə bənzəyir və bu dəfə daha uzunmüddətli və dağıdıcı ola biləcəyinə inanmıram”.
“Dövlətimiz hər iki ölkəni sabitliyə və sülhə çağırır”
Deputatın sözlərinə görə, müharibənin hər iki tərəfin iqtisadiyyatına və sosial sabitliyinə zərər vurması, ictimai narazılıqların artması səbəbilə tezliklə razılaşmaya gələcəkləri ehtimal olunur: “Əks halda, bu hal bölgədə yalnız regional deyil, qlobal nəticələr doğuracaq proseslərin başlandığıcı ola bilər. İran Azərbaycanın qonşusudur. Bu ölkə milyonlarla etnik azərbaycanlının vətənidir, İsrail isə Azərbaycanın tərəfdaşıdır. Dövlətimiz hər iki ölkəni sabitliyə və sülhə çağırır”.
“Azərbaycan bu münaqişədən narahatdır”
Milli Məclisin deputatı Ceyhun Məmmədov dünyamızın növbəti bir münaqişənin, müharibənin astanasında olduğunu deyərək əlavə edib ki, bizim arzumuz ondan ibarətdir ki, müharibə olmasın və bu, baş verən münaqişə ən qısa vaxtda yekunlaşsın: “Müharibə insan itkisi deməkdir, biz də müharibəni yaşamış xalqıq. Buna görə də biz heç bir xalqa, heç bir dövlətə müharibə arzulamırıq. Bildiyiniz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə öz mövqeyini bildirdi. Yəni Azərbaycan bu münaqişədən narahatdır. Biz müharibənin ən qısa vaxtda bitməsini arzulayırıq. Qeyd etdiyim kimi, müharibə itki deməkdir və bu müharibənin uzun müddət davam etməsi heç bir tərəfə, eyni zamanda, dünyamıza yaxşı heçnə vəd etmir”.
“İsrail bizim müttəfiqimizdir”
Deputat İsrailin bizim müttəfiqimiz olduğunu, bizim İsrail ilə hər zaman yaxşı münasibətlərimiz olduğunu diqqətə çatdırıb: “Vətən müharibəsi dövründə İsrail bizim yanımızda oldu, Azərbaycanı müasir silahlarla təchiz etdi. Eyni zamanda, İran da bizim yaxın qonşumuzdur. Son vaxtlar münasibətlərimiz inkişaf edir. Həmçinin İranda çox sayda azərbaycanlı yaşayır və onların taleyi də insanlarımızı düşündürür. Biz ona görə də müharibənin ən qısa müddətdə yekunlaşmasını arzu edirik. İnanırıq ki, tərəflər razılığa gəlib münaqişənin bitməsi üçün real addımlar atacaqlar”.
“ABŞ-nin müharibə ilə bağlı yeni mövqeyi ortaya çıxacaq”
Milli Məclisin deputatı Hikmət Babaoğlu İran ilə İsrail arasında baş verən qismi müharibənin tammiqyaslı müharibə fazasına keçmədən bitəcəyinə ümid etdiyini deyib.
Deputat əlavə edib ki, hazırda tərəflərin ortaq bir nöqtəyə gəlməsi mümkün görünmür və ABŞ-nin bu müharibə ilə bağlı yeni mövqeyi ortaya çıxacaq: “Çünki ABŞ Prezidenti Kanadada Böyük 7-lərin (G7) tədbirindən vaxtından əvvəl ayrılaraq ölkəsinə döndü və hazırda Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Trampın kabineti bir araya gəlməkdədir. Buradan çıxan mövqe də, yəni ABŞ-nin ən yeni mövqeyi də İran və İsrail arasında müharibənin nə qədər davam edəcəyi və nə ilə bitəcəyi haqqında yeni bir ipucları verəcək”.
“Konstruktiv meyillər formalaşa bilər”
H.Babaoğlunun bildirdiyinə görə, amma nə olursa olsun, nəticə etibarı ilə müharibənin bitməsi regionda yeni imkanlar yaradacaq: “Çünki bu vaxta qədər regional inteqrasiyaya mane olan, sülh təşəbbüslərinə qarşı çıxan və beləliklə də özünü təcrid edən, yalnızlaşdıran bir ölkədən söhbət gedir. Düşünürük ki, müharibənin nəticəsində daha konstruktiv meyillər formalaşa bilər. Bu isə bütün region ölkələri, eyni zamanda, Cənubi Qafqaz üçün də yeni sülh fürsətləri yarada bilər”.
Röya İsrafilova