“Bu, sahibkarlıq subyektləri üçün əlavə bir yükə çevrilə bilər” Gündəm

“Bu, sahibkarlıq subyektləri üçün əlavə bir yükə çevrilə bilər”

Uşağı doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Məsələ ilə bağlı xalqcebhesi.az-a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov söyləyib ki, layihədə ödənişli məzuniyyət üçün ödənişin kim tərəfindən həyata keçirilməsi göstərilmir: “Yəni qadınlar doğuşa və hamiləliyə görə məzuniyyətə getdikdə, qismən ödənişli sosial məzuniyyətə çıxdıqda onlar üçün bu vəsaiti Dövlət Sosial Müdafə Fondu ödəyir. İndi bu halda hansı fond və haradan ödəniləcək? Əgər bu, işəgötürənlərin üzərinə qoyulacaqsa, layihədən də belə görünür ki, məhz belə olacaq, o zaman bu, sahibkarlıq subyektləri üçün əlavə bir yükə çevrilə bilər. Çünki indi araşdırmaya görə həmin 14 gün ödənişsizdir və bundan çoxları istifadə etmir. Amma ödənişli olandan sonra lüzum oldu-olmadı, evində uşaqlara baxan oldu-olmadı, hamı bu məzuniyyətdən istifadə edəcək. Əslində, bu məzuniyyətin nəzərdə tutulması nəyə görə lazımdır? Elə ailələr var ki, evdə körpə uşaqları var, digər ailə qayğıları var. Qadın doğuşa gedərkən evdə olan körpə uşaqlara baxmaq zərurəti yaranır. Uşaqları məktəbə aparmaq və s. digər məişət işlərini görmək tələb olunur. Bu zaman ailədə başqa kəs yoxdursa, ər müvafiq arayışı təqdim etməklə bu məzuniyyət hüququndan istifadə edə bilər”.

Röya İsrafilova