“Bu, konkret siyasi yol xəritəsi cəhdidir” Gündəm

“Bu, konkret siyasi yol xəritəsi cəhdidir”

“Berlin danışıqları beynəlxalq diplomatiyanın klassik qaydalarına uyğun olaraq aparıldığı üçün prosesə müəyyən ciddilik qatır. ABŞ Prezidentinin xüsusi nümayəndəsi səviyyəsində aparılan təmaslar Vaşinqtonun mövzuya verdiyi önəmi açıq göstərir. İyirmi maddəlik sülh planı tərəflərin artıq ümumi çərçivə formalaşdırmağa çalışdığını deməyə əsas verir. Bu, sadəcə niyyət bəyanatı yox, konkret siyasi yol xəritəsi cəhdidir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılovun bildirdiyinə görə, Berlin platforması Avropa paytaxtlarının prosesdə daha fəal rol almaq istədiyini də ortaya qoyur: “Lakin münaqişənin taleyi təkcə sənədlərin məzmunu ilə həll olunmur. Əsas məsələ planın Ukraynanın təhlükəsizlik tələbləri ilə real geosiyasi balans arasında uyğunluq tapıb-tapmamasıdır. Rusiya faktorunu nəzərə almadan istənilən razılaşma kağız üzərində qalmaq riski daşıyır. Digər tərəfdən ABŞ-nin vasitəçilik rolunu gücləndirməsi müharibənin uzanmasından yorulan Qərb üçün rasional addımdır. Berlin danışıqları eskalasiyanın qarşısını almaq baxımından psixoloji baryer rolunu oynaya bilər. Bu proses tərəflərə vaxt qazandırır və hərbi ritorikanı müəyyən qədər yumşaldır. Ancaq real irəliləyiş üçün kompromislərin həcmi hələ də qeyri-müəyyəndir”.

Politoloq Ukrayna üçün ərazi bütövlüyünün qırmızı xətt olduğunu və bu prinsipdən geri addımın asan görünmədiyini deyib: “ABŞ isə müharibəni nəzarətli şəkildə dondurmaqla regional sabitlik əldə etməyə çalışa bilər. Berlin danışıqları bu baxımdan keçid mərhələsi kimi dəyərləndirilə bilər. Yekunda demək olar ki, proses müsbət siqnallar versə də, sülh hələ də uzun və çətin diplomatik marafondur”.

Röya İsrafilova