"Polşa və Baltikyanı ölkələrdə təhlükə hissi daha güclüdür" Gündəm

"Polşa və Baltikyanı ölkələrdə təhlükə hissi daha güclüdür"

Mövcud reallıq onu göstərir ki, Avropa ABŞ olmadan Rusiyanın qarşısında təkbaşına dayanmaq gücündə deyil. Uzun illər davam edən müdafiə sektorundakı tənəzzül, hərbi sənayenin zəifləməsi və siyasi iradə çatışmazlığı Avropanı faktiki olaraq “dişsiz” vəziyyətə salıb.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, Avropanın effektiv yenidən silahlanması illər tələb edir. Avropa liderləri indiyədək Kremli real şəkildə cilovlaya biləcək vahid və sərt siyasi iradə nümayiş etdirə bilməyiblər. Bu isə Ukrayna müharibəsi fonunda təhlükəni daha da dərinləşdirir:

"Qərbdə artıq Putinin imperiya ambisiyalarını əvvəlkindən daha ciddi qəbul etməyə başlayıblar. Avropada geniş yayılmış qənaətə görə, əgər Ukrayna süqut edərsə, növbəti mərhələdə Avropa özü hazırlıqsız yaxalanacağı çox daha ağır bir təhlükə ilə üzləşəcək.

ABŞ kəşfiyyatının qiymətləndirmələri də bu narahatlıqları təsdiqləyir. Hesabatlarda Putinin təkcə Ukraynanın bir hissəsi ilə kifayətlənməyəcəyi, bütün Ukraynanı ələ keçirmək və bir vaxtlar SSRİ-yə daxil olmuş Avropanın bəzi bölgələrini yenidən Rusiyanın təsir dairəsinə qaytarmaq niyyətindən əl çəkmədiyi vurğulanır.

Bu xüsusda Avropada, xüsusən Polşa və Baltikyanı ölkələrdə təhlükə hissi daha güclüdür. Onlar özlərini Kremlin potensial növbəti hədəfi hesab edirlər".

Cavid