Üç müsəlman ölkəsinin hərbi ittifaqı: Avropa qorxu içində
4 Fevral 23:52

ABŞ-İran arasındakı gərginlik gün keçdikcə daha da artır. Gərginliyin aradan qaldırılması istiqamətində müzakirələr gedir. Ekspertlərin bir çoxu hərbi qarşıdurma ehtimalının yüksək olduğunu deyirlər. Oman görüşü müsbət tendensiya kimi qiymətləndirilsə də, amma əksər ekspertlər müharibə ehtimalının yüksək olduğu qənaətindədirlər.
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri və politoloqlarla müzakirə edib.
“ABŞ istəyinə nail olmaq üçün istənilən addımları atmağa hazırdır”
Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, ABŞ ilə İran arasında çox ciddi siyasi, hərbi, ideoloji fərqlər var: “ABŞ dünyanın supergücüdür . Venesuela hadisələri və digər hadisələr də göstərdi ki, ABŞ istəyinə nail olmaq üçün istənilən addımları atmağa hazırdır. ABŞ və İran arasında müharibə mümkündür, amma o müharibənin olmaması üçün, ondan yayınmaq üçün görünür, hələlik gizli danışıqlar gedir, eyni zamanda, bölgə dövlətləri, xüsusən Türkiyə, Rusiya o cümlədən ərəb ölkələri bu müharibənin qarşısını almaq üçün diplomatik danışıqları davam etdirirlər”.
“Bir sıra şərtlər var”
Deputat qeyd edib ki, ABŞ ilə İran arasında münasibətləri düzəltmək üçün bir sıra şərtlər var: “Tərəflər bu şərtlərin həll olunmasını istəyirlər. ABŞ üçün açıq göstərilir ki, nüvə silahı vacib amildir. Əgər İran nüvə silahına malik olarsa, onda həm İsrail üçün təhlükə yaradar, həm bölgədə güc balansını dəyişər, ümumiyyətlə, İran artıq şərt qoyan ölkələrdən birinə çevrilər. ABŞ-nin əsas arqumentləri budur və bunun üçün də açıq bildirir ki, İran nüvə silahı əldə edə bilər, Yaxın Şərqdə güc balansını dəyişər, bu, İsrail üçün, region üçün təhlükədir, həmçinin ABŞ-nin öz maraqları üçün də təhlükədir”.
“Gərginlik müharibə nəticələnə bilər”
E.Musayevin sözlərinə görə, İran isə bildirir ki, bu nüvə silahları sülh məqsədlidir, enerji və təbii məqsədlər üçün istifadə olunur və İran qeyd edir ki, onlara qarşı sanksiyaların tətbiq olunması ədalətsizdir və s. Amma ABŞ silah-sursatını böyük arma deyilən İranın ətrafına yığıb. Ona görə də bu danışıqların nəticəsi xeyli şeyləri aydınlaşdıracaq. Əgər ümumi razılıq olmayacaqsa, onda ABŞ və İsrailin İrana ilk növbədə hava zərbələri vuracağını gözləmək olar. Ondan sonra isə münasibətlər gərginləşəcək. İran cavab atəş açacağını, Hörmüz boğazını bağlayacağını bildirir. Yəni gərginlik davam edir, istənilən an bu gərginlik müharibə, münaqişə ilə nəticələnə bilər”.
“Aktiv dialoq getməkdədir”
Politoloq Oqtay Qasımov söyləyib ki, İran və ABŞ arasında hərbi qarşıdurma olma ehtimalı kifayət qədər yüksəkdir: “Nəzərə alsaq ki, ABŞ bölgəyə böyük bir donanma göndərir və bu donanmaya əlavə qüvvələr də yoldadır. Trampın özünün ifadə etdiyi kimi İrana göndərilən qüvvələr Venesuelaya göndərilən qüvvələrdən daha böyük və güclüdür. Bu da savaş və gərginlik ehtimalını kifayət qədər artırır”.
Onun bildirdiyinə görə, amma hazırda aktiv dialoq getməkdədir: Tərəflər dolayısı yolla danışıqlar aparırlar. Həm nəzərə alsaq ki, Qətərin xarici işlər naziri İrana səfər etdi və ABŞ-nin məktubunu İrana çatdırdı və oradan cavabı geri götürdü. Bundan başqa İranın xarici işlər naziri Ankaraya səfər etdi və Türkiyə Prezidenti ilə xarici işlər naziri arasında görüşlər keçirildi. Ankaranın təklifi ilə ABŞ və İran nümayəndələrinin Türkiyədə görüşünün keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Yəni ilkin mərhələdə Tramp açıq şəkildə bəyan etdi ki, bölgəyə hərbi qüvvələrin göndərilməsi İranı danışıqlar masasına oturtmağa və ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməyə hədəflənib”.
“Tərəflər danışıqlar masasına oturmalıdır”
O.Qasımov deyib ki, əgər İran ABŞ-nin tələblərini qəbul edəcəksə, o zaman savaş ehtimalı ortadan qalxmış olacaq: “Yox, əgər ABŞ-nin irəli sürdüyü 4 şərt qəbul olunmayacaqsa, o zaman hərbi qarşıdurma ehtimalı kifayət qədər yüksək olacaq və ola biləcək bu savaşın miqyası və formasını indidən proqnozlaşdırmaq çətindir. Çünki nəzərə alsaq ki, həm ABŞ bölgəyə böyük yığınaq həyata keçirir və İran da Rusiya və Çindən aldığı hərbi vasitələrlə müqavimət göstərməyə hazırlaşır. O baxımdan ABŞ Prezidenti maksimum şəkildə çalışacaq ki, qısamüddətli güclü zərbələrlə effektiv nəticələr alınsın. Amma bunun mümkün olacağını indidən söyləmək çətindir. Hazırkı şəraitə baxdığımızda hərbi qarşıdurma ehtimalı kifayət yüksək olaraq qalmaqdadır. Amma bunu aradan qaldırmaq imkanı da var. Bunun üçün tərəflər danışıqlar masasına oturmalı və razılaşmalıdırlar”.
“ABŞ real olaraq savaşa qoşulmayacaq”
AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, tarix boyu bu iki dövlət – ABŞ-İran heç vaxt üz-üzə gəlməyib: “Bir-birilərinə qarşı hədə-qorxudan o tərəfə getməyiblər. Amerika daha çox İsrail üzərindən İranla bağlı planlarını ara-sıra gerçəkləşdirməyə cəhd edib. Ona da görünən odur ki, hələ nail ola bilməyib. Son olaraq İran xalqı vasitəsilə müəyyən cəhdlər etdi, amma hazırkı situasiya onu deyir ki, molla rejimi bu dəfə də “kəfəni yırtdı”. Düşünürəm ki, proseslər hələ bir müddət belə davam edəcək. Amma ABŞ real olaraq savaşa qoşulmayacaq. Ola bilər ki, İsrail vasitəsilə nəsə etməyə çalışsın, necə ki, son olaraq 12 günlük savaşda bunun şahidi olduq. Bundan o tərəfə gedən deyil. Unutmayaq ki, son proseslərin içərisində qardaş Türkiyə də yer almaqdadır. Rəsmi Ankara müharibənin tərəfdarı deyil. Son olaraq Məsud Pezeşkianla Ərdoğan arasındakı telefon danışığından, eləcə də xarici işlər naziri Əraqçinin Türkiyəyə səfərindən çıxış etsək, Türkiyənin mövqeyi ortadadır”.
“Kreml İranın vurulmasına “yaşıl işıq” yandırmaz”
O əlavə edib ki, ABŞ də bölgə dövlətlərinin bu məsələdəki mövqelərini mütləq şəkildə nəzərə alır və buna zatən məcburdur: “Bölgənin əsas nəhəngi sayılan Rusiyanın da İranla bağlı proseslərdə istəyi məlumdur. Heç bir halda Kreml İranın vurulmasına “yaşıl işıq” yandırmaz. Götürək elə regionun digər kiçik dövlətlərini. Azərbaycan bunu istəyirmi? Xeyr. Həmçinin Gürcüstan belə regionda qarşılıq istəmir. Cırtdan Ermənistanın isə Tehranla əlaqələri məlumdur. Yəni Amerika bu regionda təklənər. Bir də unutmayaq ki, cənub qonşumuz Venesuela deyil...”.
Röya İsrafilova