13:09
672
“Son altı ay ərzində Azərbaycan və Ermənistan liderlərinin artıq ikinci dəfə Abu-Dabidə bir araya gəlməsinə şahidlik etdik. İlk Abu-Dabi görüşü tarixi Vaşinqton razılaşmalarının əldə olunması istiqamətində həlledici bir addım idi və məhz bundan sonra Ermənistan–Azərbaycan arasında sülhün əldə olunması yolunda mühüm və ciddi addımlar atıldı”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev “Xalqcəbhəsi.az”a açıqlamasında bildirib.
Onun fikrincə, baş tutan ikinci Abu-Dabi görüşündə verilən mesajlar isə xüsusi əhəmiyyət daşıyır: “Görüş zamanı iki dövlət arasında normallaşma prosesinin dərinləşdirilməsi, etimad quruculuğunun formalaşdırılması və iqtisadi-ticarət münasibətlərinin inkişafı ilə bağlı vacib mesajlar səsləndirildi. Hər iki ölkənin rəhbərliyi hazırda dövlətlərarası münasibətlərin normallaşdırılmasında müsbət dinamikanın mövcud olduğunu vurğuladı və bu dinamikanın qorunub saxlanmasının vacibliyini xüsusi qeyd etdi.
Münasibətlərin normallaşdırılması çoxşaxəlidir. Xüsusilə iqtisadi-ticarət sahəsində atılan ilkin addımlar diqqət çəkir. Buna misal olaraq Azərbaycan yanacağının Ermənistana tədarük olunmasını, eləcə də Azərbaycan ərazisindən tranzit kimi istifadə edilməklə Qazaxıstan və Rusiyadan taxılın Ermənistana çatdırılmasını göstərmək olar. Beləliklə, həm birbaşa, həm də tranzit imkanları vasitəsilə Ermənistanın iqtisadi əlaqələrinin inkişafına Azərbaycan tərəfindən töhfə verilir.
Millət vəkili qeyd edib ki, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun davam etdirilməsi etimad quruculuğu baxımından mühüm addım kimi qiymətləndirildi və bu prosesin davam etdirilməsinin vacibliyi vurğulandı: “Əldə olunan nəticələrdən biri də Ermənistan–Azərbaycan normallaşma prosesinin vasitəçilər olmadan, birbaşa formatda davam etdirilməsinin vacibliyidir. Hər iki tərəf postmünaqişə dövründə malik olduqları resurslar əsasında prinsipial addımlar atır.
Ümid edirəm ki, aparılan danışıqların nəticəsi olaraq Ermənistan sülh müqaviləsinin imzalanmasına maneə olan son məsələləri də həll edəcək, konstitusiyasında müvafiq dəyişiklikləri edəcək və biz tezliklə sülh müqaviləsinin imzalanmasına şahidlik edəcəyik.”
Günel Elxan