ASAN İmza və SİMA ilə onlayn alış-verişdə yeni dövr Gündəm

ASAN İmza və SİMA ilə onlayn alış-verişdə yeni dövr

Onlayn alış-verişdə yeni identifikasiya sistemi tətbiq edilir. Uzun müddət FİN kod və parol vasitəsilə sistemə daxil olan istifadəçilər üçün ASAN İmza, SİMA və ya myGov/QR-a keçid ilkin mərhələdə əlavə vaxt və texniki uyğunlaşma tələb edir. Ekspertlər bildirir ki, bu qısamüddətli çətinliklər bazara təsirsiz ötüşmür, amma uzunmüddətli perspektivdə elektron ticarətin təhlükəsizliyini və şəffaflığını artıracaq.

Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Uzun müddət FİN kod və parol vasitəsilə sistemə daxil olmağa öyrəşmiş istifadəçilər üçün ASAN İmza, SİMA və ya myGov/QR kimi alternativ identifikasiya mexanizmlərinə keçid ilkin mərhələdə əlavə vaxt və texniki uyğunlaşma tələb edir.

Onun sözlərinə görə, bu amil xüsusilə nadir hallarda onlayn alış-veriş edən və ya rəqəmsal texnologiyalara tam adaptasiya olmayan vətəndaşlarda müəyyən narahatlıq yarada və müvəqqəti olaraq sifariş sayının azalmasına səbəb ola bilər: Belə texniki keçid dövrlərində qısamüddətli geriləmələr normal haldır: “İstənilən yeni sistem tətbiq edilərkən ilkin mərhələdə istifadəçi davranışında ehtiyatlılıq müşahidə olunur. Bu da bazara qısa müddətli təsirsiz ötüşmür”.

Bununla yanaşı, Akif Nəsirli uzunmüddətli perspektivdə qərarın müsbət nəticələr verəcəyini bildirib. Onun fikrincə, yeni identifikasiya üsulları elektron ticarət prosesində təhlükəsizliyi artırmaqla yanaşı, şəffaflığın təmin olunmasına və vahid nəzarət mexanizminin formalaşmasına xidmət edir: “Bu dəyişikliklər həm istehlakçıların hüquqlarının qorunması, həm də sistemdən sui-istifadə hallarının qarşısının alınması baxımından əhəmiyyətlidir.

İstifadəçilər zamanla yeni texnoloji tələblərə uyğunlaşdıqca onlayn sifarişlərin həcmi tədricən əvvəlki səviyyəsinə qayıdacaq. Hətta proses tam oturuşduqdan sonra elektron ticarətə inamın artması fonunda sifariş sayında yüksəliş də müşahidə oluna bilər. Bu baxımdan qərarı qısamüddətli çətinliklərə baxmayaraq, uzunmüddətli iqtisadi və institusional faydalar vəd edən addım kimi qiymətləndirmək olar”.

“Yeni qaydalar qanunidir, qiymət artımı mümkündür”

İqtisadçı ekspert Günay Hüseynova isə “Xalqcebhesi.az”-a açıqlamasında bildirib ki, vətəndaşlar tərəfindən prosesin bir qədər ağırlaşdığı düşünülsə də, qəbul edilən yeni qərar tamamilə qanunvericiliyin tələblərinə uyğundur.

Onun sözlərinə görə, əvvəlki sistemdə bir çox sahibkarlar vergidən yayınmaq məqsədilə qohum və tanış şəxslərin şəxsiyyət vəsiqələrindən istifadə edərək müxtəlif adlar altında məhsul sifariş edirdilər: “Bu isə birbaşa vergi pozuntusu olmaqla yanaşı, qanunun tələblərinin açıq şəkildə pozulması demək idi. SİMA və ya ASAN İmza ilə təsdiq mexanizmi prosesdə şəffaflığın artırılması baxımından mühüm addımdır. Lakin yeni qaydaların tətbiqi xaricdən sifariş edilən məhsulların qiymətlərində müəyyən artımlara səbəb olacaq. Prosesin tam şəffaf aparılması üçün mövcud mexanizmlər kifayət deyil. Xarici ticarət platformalarına bank kartları üzərindən edilən ödənişlərə nəzarət gücləndirilə bilər. Şəxsin rəsmi gəliri ilə alış-veriş intensivliyi arasında uyğunsuzluq olduqda, onun adından üçüncü şəxslər tərəfindən satış məqsədli sifarişlərin edilməsi ehtimalı yüksəlir. Yeni qərarın bazara və istehlakçıya təsirinə toxunan iqtisadçı bildirib ki, hər iki tərəf müəyyən itkilərlə üzləşsə də, əsas yük daha çox istehlakçının üzərinə düşür. Qaydalar sərtləşdikcə məhsulun maya dəyəri artır, bu isə satış qiymətlərinə birbaşa təsir edir və nəticədə bazarda alıcı qıtlığı yaranır. İdxal limitinin vaxtilə 1000 dollar olması və sonradan azaldılması da vergidən yayınma və sui-istifadə hallarının geniş yayılması ilə bağlı idi”.

Günay Hüseynova həmçinin vətəndaşlara və sahibkarlara qeyri-qanuni üsullardan çəkinməyi tövsiyə edərək vurğulayıb ki, bu cür hallar əksər hallarda daha sərt qərarların qəbuluna və yekunda zərərin yenə onların üzərində qalmasına səbəb olur.

Günel Elxan