Yeni siyasi mərhələ: Bakı öz şərtlərini formalaşdırır Gündəm

Yeni siyasi mərhələ: Bakı öz şərtlərini formalaşdırır

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsi Azərbaycan ilə Avropa institutları arasında münasibətləri gərginləşdirib. Sənəd Azərbaycan cəmiyyətində böyük narazılıq doğurub, ictimai, siyasi dairələrdə tənqid edilib. Azərbaycan Milli Məclisi bu qətnaməyə cavab olaraq Avropa Parlamenti ilə əlaqələrini dayandırıb. Həmçinin ölkə başçısı İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci iclasına videobağlantı vasitəsilə qoşularaq Avropanın bəzi institutlarının mövqeyini sərt tənqid edib.

Millət vəkilləri bu barədə “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər. ıblar.

Milli Məclis Sədrinin müavini Musa Qasımlı söyləyib ki, İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin videobağlantı formatında çıxışı həcm etibarı ilə qısa, deyilən fikirlər məzmunca sərt diplomatik, mənasına görə isə çox dərindir: “Çıxışında ölkə rəhbəri ədalət hissini itirmiş bəzi siyasi və dövlət xadimlərinə, beynəlxalq təşkilatlara bir neçə ibrət dərsi verdi və doğru yolu göstərdi. Alına biləcək birinci ibrət dərsi və göstərilən doğru yol Azərbaycan dövlətinin beynəlxalq məsələlərə, o cümlədən konkret halda bu tipli toplantıların keçirilməsinə tarazlı və ədalətli yanaşmasıdır. Məlum olduğu kimi, istənilən ikitərəfli, regional və beynəlxalq məsələyə ədalətli və tarazlı münasibət bəsləməyən dövlət və dövlət rəhbəri nüfuz qazana bilmir, ona etibar etmirlər. Avropa İttifaqının rəhbərləri Azərbaycan dövlət başçısından toplantının İrəvanda keçirilməsinə münasibətini soruşduqda razılığını bildirib, deyib ki, növbəti Zirvə görüşlərindən biri də Azərbaycanda keçirilsin. “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşündə görə biləcəyik. Bu məsələlərdə Azərbaycanın Ermənistanı, Ermənistanın da Azərbaycanı dəstəkləməsi müsbət olub, işlərin yaxşı getdiyini göstərir”.

“Düşmənçilikdən heç kim xeyir görməyib”

M.Qasımlı vurğulayıb ki, alına biləcək ikinci ibrət dərsi və doğru yol Azərbaycanın 1990-cı illərin əvvəllərindən etibarən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması, indiyədək Ermənistana Azərbaycan ərazisi vasitəsi ilə 28 min ton yük çatdırılması, ilk dəfə olaraq Azərbaycanın neft məhsullarını – benzin və dizelini Ermənistana göndərməsidir: “Düşmənçilik, qisasçılıq hissləri ilə alışıb-yananlara səhv yolda olduqlarını başa salan, ən yaxşı yolun əməkdaşlıq olduğunu göstərən Azərbaycanın bu davranışları alınası ibrət dərsidir və doğru yoldur. İndiyədək düşmənçilikdən heç kim xeyir görməyib. Ən düzgün yol mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıqdır. Həm Ermənistan, həm də Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Dövlət başçımızın Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirməsi, ədalətli mövqeyini yüksək qiymətləndirməsi, eyni zamanda, bu prosesə mane olanlara xəbərdarlıqdır, uğursuzluğa düçar olacaqlarından xəbər verir və doğru yola çağırışdır”.

“Sizə aid olmayan işlərə burnunuzu soxmayın”

Onun sözlərinə görə, alına biləcək üçüncü ibrət dərsi və doğru yol Azərbaycan və Ermənistan arasında sülh məsələsində Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının mövqeyinin konkret faktlarla ifşa edilməsidir: “Parlament üzvlərinin Azərbaycanı hədəf almasının başlıca səbəbi həll edə bilmədikləri qitə problemlərindən ictimaiyyətin diqqətini yayındırmaq və özünə zahiri nüfuz vermək cəhdidir. Cənab Prezidentin dediyi kimi, Avropa Parlamenti böhtan və yalan yayaraq Azərbaycanı hədəfə almaqdansa, qitəni bürüyən ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik və evsiz insanların problemlərini həll etməklə məşğul olmalıdır. Bu, o deməkdir ki, gedin, öz işlərinizlə məşğul olun, sizə aid olmayan işlərə burnunuzu soxmayın. İnsanlar münaqişə, müharibə və günahsız ölümlər istəməzlər. Bu parlament təşkilatlarının üzvlərinin sülhün əleyhinə olmaları və düşmənçiliyi alovlandırmaq cəhdləri seçicilərinin mövqeyidirmi? Şübhəsiz ki, xeyr! İstehsal etdiyi yalan və böhtanlarla qitəni zibilləyən quruma çevrilmiş Avropa Parlamentinin bəlli üzvlərini seçicilərinin yaxın gələcəkdə tarixin arxivinə göndərəcəklərinə ümid etmək olar”.

“Bu tarixi çıxışdan ibrət dərsi almaq lazımdır”

M.Qasımlı həmçinin diqqətə çatdırıb ki, nəhayət, dövlət başçısının çıxışından alınacaq ibrət dərslərindən daha biri və göstərdiyi doğru yol Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq Azərbaycanın sülh gündəliyinə sadiq qalması və Ermənistan rəhbərinin şərhləridir: “Bu tarixi çıxışdan ibrət dərsi almaq lazımdır. Yaxşı dərsi almaq, öyrənmək və doğru yola qayıtmaq isə heç bir zaman gec deyil”.

Vacib məqamlar

Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci iclasına videobağlantı vasitəsi ilə qoşuluraq regionumuzda sülh prosesinin reallaşması istiqamətində görülən işlər barədə bir sıra vacib məqamlara toxundu: “Azərbaycan Prezidenti bildirib ki, ötən ilin avqtusunda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə sülh müqaviləsi paraflanandan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılıb. Sülh əldə olunması faktından çıxış edərək Azərbaycan birtərəfli qaydada Ermənistanla bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb. Nəticədə, Azərbaycanın ərazisi vasitəsilə Ermənistana 28 min ton yük daşınıb. Eyni zamanda, Azərbaycanın özü də Ermənsitana 12 min ton neft məhsulları ixrac edib. Sülh sazişinin digər vacib nəticəsi kimi bağlantı məsələsi xüsusi əhəmiyyət kəsb edir və sülh sazişində öz əksini tapan Tramp sülh marşrutunun reallaşdırılması Naxçıvanın Azərbaycanın digər hissəsi ilə birbaşa əlaqəsini təmin edəcək. Azərbaycan Prezidenti onu qeyd edib ki, biz 9 aydır Ermənistanla sülh şəraitində yaşayırıq. Azərbaycanla Ermənistan arasında münasibtələrin normallaşması istiqamətində görülən işlər hər iki ölkənin xeyirinədir və biz bunun ilk nəticələrini görürük”.

“Azərbaycan sülh gündəliyinə sadiqdir”

Deputatın sözlərinə görə, eyni zamanda, Azərbaycan Prezidenti qeyd edib ki, təəssüf ki, bütün Avropa strukturlarının fəaliyyəti Azərbaycan-Ermənistan sülh prosesinə xidmət etmir: “Bu kontekstdə Azərbaycan Prezidenti Avropa Şurasının Parlament Assambleyasını və Avropa Parlamentini çox tutarlı arqumentlər əsasında kəskin və haqlı tənqid edib. Azərbaycan Prezidenti bildirib ki, ikili standartlar Avropa Şurası Parlament Assambleyasının bir növ iş təlimatına çevrilib. Avropa Parlamentinə gəldikdə isə bu qurum Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək vermək əvəzinə sülh prosesinə qarşı sabotajla məşğuldur. Avropa Parlamenti son 5 ildə Azərbaycana qarşı böhtan və yalanla dolu 14 qətnamə qəbul edib. Azərbaycan Prezidenti xüsusi vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü kimi çox vacib və prinsipial bir məsələdir və sülh prosesinə mane olmaq istəyən qüvvələrin cəhdlərinə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir”.

“Prezidentin bu faktları vurğulaması təsadüfi deyil”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva diqqətə çatdırıb ki, Prezidentin çıxışının əsas analitik xətti ondan ibarətdir ki, Azərbaycan ilk dəfə olaraq sülh ritorikasını konkret iqtisadi və logistik faktlarla əsaslandırmağa çalışır: “Yəni burada artıq sadəcə siyasi bəyanat yox, “sülhün maddiləşməsi” müşahidə olunur. Tranzitin açılması, enerji ixracı və kommunikasiya xətlərinin aktivləşməsi regionda qarşılıqlı asılılıq yaradır. Bu isə klassik beynəlxalq münasibətlər nəzəriyyəsində “interdependence through connectivity” kimi tanınır və münaqişə riskini aşağı salan mexanizm hesab olunur. Prezidentin bu faktları vurğulaması təsadüfi deyil, məqsəd sülhün yalnız diplomatik deyil, iqtisadi baxımdan da geri dönməz mərhələyə keçdiyini göstərməkdir. Digər mühüm istiqamət Avropa institutları ilə artan diskurs gərginliyidir. Prezidentin çıxışında xüsusilə Avropa Parlamentinin son beş ildə Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi və bunun “aludəçilik” kimi qiymətləndirilməsi siyasi ritorikanın sərtləşdiyini göstərir. Bu yanaşma əslində daha geniş geosiyasi kontekstdə oxunmalıdır. Çünki Azərbaycan Qarabağda status-kvonun dəyişməsindən sonra Qərb institutları ilə münasibətlərdə yeni balans axtarır. Burada əsas tezis ondan ibarətdir ki, Bakı artıq normativ tənqidlərə passiv cavab vermək əvəzinə, institusional qarşılıq verir. Parlament səviyyəsində əməkdaşlığın dayandırılması kimi addımlar bunu təsdiqləyir və bu, klassik “reactive diplomacy” deyil, daha çox “assertive sovereignty posture” kimi xarakterizə oluna bilər”.

“Bakı sülh gündəliyini qlobal aktorların iştirakı ilə formalaşdırır”

Politoloqun fikrincə, çıxışda sülh prosesinin beynəlxalq legitimliyi məsələsi də ön plana çəkilir: “ABŞ-də imzalanmış birgə bəyanat, yük daşımalarının başlaması və Ermənistanın bəzi təşəbbüsləri dəstəkləməsi göstərilir ki, Bakı sülh gündəliyini yalnız regional deyil, qlobal aktorların iştirakı ilə formalaşdırır. Bu isə danışıqların institusionallaşmasına xidmət edir. Prezidentin Avropa Komissiyasına təşəkkür etməsi ilə digər qurumları tənqid etməsi isə Avropa daxilində diferensial yanaşma strategiyasıdır, yəni bütün Avropanı deyil, konkret institutları hədəf almaqla diplomatik manevr imkanlarını açıq saxlayır. Yekunda çıxışın ümumi məntiqi ondan ibarətdir ki, Azərbaycan paralel iki xətt üzrə hərəkət edir: bir tərəfdən Ermənistanla real iqtisadi əsaslara söykənən sülh quruculuğu, digər tərəfdən isə Qərb institutları ilə münasibətlərdə selektiv və daha sərt mövqe. Bu, klassik balanslaşdırma deyil, daha çox “multi-vector but interest-driven diplomacy” modelinə uyğundur. Yəni Bakı artıq normativ təzyiqləri qəbul edən tərəf deyil, öz şərtlərini və narrativini formalaşdıran aktor kimi çıxış edir. Bu isə regionda yeni siyasi mərhələnin başlandığını göstərən əsas siqnallardan biridir”.

Röya İsrafilova