Tramp İranın təklifini rədd etdi: Vaşinqton–Tehran gərginliyi yeni fazaya keçir? Gündəm

Tramp İranın təklifini rədd etdi: Vaşinqton–Tehran gərginliyi yeni fazaya keçir?

ABŞ-İran arasında fevralın 28-də başlayan müharibədə gərginlik azalmır. Zaman-zaman atəşkəsin əldə olunması üçün baş tutan danışıqlar da nəticəsiz qalıb və ya qısamüddətli atəşkəs imzalanıb. ABŞ də, həmçinin İran da öz mövqelərindən geri çəkilmək istəmir.

Amma İran yaxın günlərdə münaqişənin həlli istiqamətində addım ataraq ABŞ-yə 14 bəndlik sülh planı təklif edib. Tramp isə İranın yeni təklifini rədd edib.

Belə olduğu halda bəs bundan sonra münaqişənin gedişi necə ola bilər?

“Xalq Cəbhəsi” mövzunu politoloqlarla müzakirə edib.

“İran bir sıra məsələlərdə güzəştə getməyə hazırdır”

Politoloq Əli Mustafa söyləyib ki, İran yeni təklifdə xeyli məsələlərdə yumşalma mövqeyi nümayiş etdirsə də Tramp İranın yeni təklifini bəyənmir: “Belə ki, İran nüvə danışıqlarının gündəmə gəlməsinə razılıq verir, eyni zamanda, tədricən uranın çıxarılması ilə bağlı müzakirələrə açıq olduğunu, həmçinin aşağı faizli nüvənin hazırlanması ilə bağlı da razılığını bildirir. Bundan başqa Hörmüz boğazı ilə bağlı müzakirələrdə də müəyyən yumşalmalar təklif edir. Anlaşılan odur ki, İran bir sıra məsələlərdə güzəştə getməyə hazırdır. Əvəzində isə dəniz yolunun açılmasını, blokadanın götürülməsini istəyir və təbii ki, indi yaranmış ağır iqtisadi vəziyyətdən qurtulmaq istəyir”.

“Bu hazırlıqlar növbəti qarşıdurma anonsu ola bilər”

O qeyd edib ki, Tramp bunu bilir, ona görə də həm bu çətin vəziyyətdən İran hakimiyyətinin qurtulmasını istəmir, digər tərəfdən ABŞ-nin də, İsrailin də hərbi hazırlıqları var: “Belə görünür ki, hələ bu hazırlıqlar növbəti qarşıdurma, savaş anonsu ola bilər. Yəni ABŞ və ya İsrail yenidən hərbi əməliyyatları başlada bilərlər. Görünür, ABŞ İranın içindəki yeni vəziyyəti öyrənir və indiki rəhbərliklə işləyib-işləyə bilməməyin perspektivlərinə baxır. Əgər onlarla işləmək istəsə yəqin ki, hansısa güzəştlər olacaq. Amma işləmək istəmirsə o halda bu gərginlik davam edəcək. Hər halda anlaşılan odur ki, İran ABŞ-nin tam istədiklərini ona vermir. Ona görə də Tramp bu şərtlərlə razı deyil”.

“ABŞ hesab edir ki...”

Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva bildirib ki, ABŞ prezidenti Donald Trampın İranın təqdim etdiyi 14 bəndlik təklif planını “qəbuledilməz” adlandırması Vaşinqton Tehran xəttində gərginliyin yaxın dövrdə azalacağına dair ümidləri zəiflədib: “Trampın “İrana qarşı kampaniya çox yaxşı davam edir” açıqlaması isə göstərir ki, Ağ Ev hazırda diplomatik yumşalma deyil, təzyiq strategiyasını davam etdirmək niyyətindədir. Məsələ yalnız iki dövlət arasındakı siyasi qarşıdurma ilə məhdudlaşmır və burada söhbət Yaxın Şərqdə yeni güc balansından, enerji təhlükəsizliyindən və regional təsir uğrunda geosiyasi mübarizədən gedir. ABŞ hesab edir ki, İran nüvə proqramı və regiondakı proksi qüvvələr vasitəsilə strateji təsirini genişləndirir. Tehran isə bunu öz milli təhlükəsizlik doktrinasının bir hissəsi sayır. Tramp administrasiyasının sərt ritorikası həm də daxili siyasi auditoriyaya hesablanıb. ABŞ-də seçki mühiti yaxınlaşdıqca təhlükəsizlik və milli güc mövzuları daha çox ön plana çıxır və bu kontekstdə Tramp İranla kompromisə gedən lider obrazı deyil, sərt mövqe nümayiş etdirən lider modelini üstün tutur”.

“Məhdud hərbi eskalasiya ehtimalı istisna deyil”

O əlavə edib ki, hazırkı vəziyyətdə ən real ssenari “idarə olunan gərginlik” kimi görünür və tərəflər bir-birinə təzyiq göstərəcək, lakin birbaşa genişmiqyaslı müharibədən yayınmağa çalışacaqlar: “Çünki belə müharibə yalnız region üçün deyil, qlobal enerji bazarı üçün də ağır nəticələr doğuracaq. Xüsusilə Hörmüz boğazında mümkün risklər neft qiymətlərinə və beynəlxalq logistika xətlərinə ciddi təsir edə bilər. Bununla yanaşı, məhdud hərbi eskalasiya ehtimalı da istisna deyil. İranın regiondakı müttəfiq qüvvələri vasitəsilə ABŞ və İsrail maraqlarına təzyiqlərin artması mümkündür. Buna cavab olaraq lokal hərbi əməliyyatlar, hava zərbələri və təhlükəsizlik əməliyyatları gündəmə gələ bilər”.

“Vaşinqton və Tehran münasibətləri qarşılıqlı güc nümayişi mərhələsinə daxil olur”

Y.Hacıyevanın sözlərinə görə, proseslərin digər mühüm tərəfi isə regional ölkələrin mövqeyidir: “Türkiyə, Körfəz ölkələri, Rusiya və Çin kimi aktorlar vəziyyətin tam nəzarətdən çıxmasını istəmirlər. Çünki İran ətrafında böyük müharibə Yaxın Şərqdən Cənubi Qafqaza qədər geniş coğrafiyada təhlükəsizlik zəncirini poza bilər. Cənubi Qafqaz üçün də bu proseslər xüsusi həssaslıq daşıyır. İran ətrafında artan gərginlik regionun nəqliyyat-kommunikasiya layihələrinə, enerji marşrutlarına və sərhəd təhlükəsizliyinə təsir göstərə bilər. Bu səbəbdən bölgə dövlətləri üçün əsas prioritet emosional siyasi mövqe deyil, regional sabitliyin qorunması olacaq. Hazırkı mərhələdə görünən odur ki, Vaşinqton və Tehran arasında münasibətlər kompromis deyil, qarşılıqlı güc nümayişi mərhələsinə daxil olur. Bu isə yaxın aylarda Yaxın Şərqdə siyasi və təhlükəsizlik gündəmini müəyyən edən əsas amillərdən biri olaraq qalacaq”.

“ABŞ bu kursdan geri çəkilmək niyyətində deyil”

Politoloq Aytən Qurbanova qeyd edib ki, ABŞ prezidenti Donald Tramp tərəfindən İranın irəli sürdüyü 14 bəndlik sülh planının qəbuledilməz elan edilməsi Vaşinqton–Tehran münasibətlərində gərginliyin yeni fazaya keçdiyini göstərir: “Rəsmi bəyanatda qeyd olunduğu kimi, ABŞ administrasiyası İrana qarşı həyata keçirilən siyasi və iqtisadi təzyiq strategiyasının effektiv olduğunu hesab edir və bu kursdan geri çəkilmək niyyətində deyil. Bu yanaşma isə öz növbəsində regionda mövcud olan təhlükəsizlik arxitekturasına birbaşa təsir edən ciddi geosiyasi nəticələr vəd edir. Ehtimal etmək olar ki, İranın təqdim etdiyi sülh təşəbbüsü regional sabitliyin təmin olunması, sanksiyaların mərhələli şəkildə yumşaldılması və qarşılıqlı etimadın bərpası kimi elementləri ehtiva edir. Lakin ABŞ-nin bu təklifi rədd etməsi göstərir ki, tərəflər arasında strateji baxış fərqləri hələ də fundamental xarakter daşıyır. Rəsmi Vaşinqton üçün əsas prioritetlərdən biri İranın nüvə proqramının məhdudlaşdırılması və onun regional təsir imkanlarının zəiflədilməsidir”.

“Qarşıdurma yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır”

A.Qurbanova deyib ki, İran isə öz növbəsində suverenlik və təhlükəsizlik məsələlərində güzəştlərə getməyə hazır olmadığını nümayiş etdirir: “Belə olan halda ABŞ üçün İranın artan regional rolu potensial təhlükə kimi qiymətləndirilir və ona görə də, preventiv təzyiq siyasəti həyata keçirilir. İran isə bu təzyiqlərə qarşı müqavimət göstərərək öz təsir dairəsini qorumağa çalışır ki, bu da qarşılıqlı etimadsızlığı daha da dərinləşdirir. Eyni zamanda, bu qarşıdurma yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. İran və Səudi Ərəbistan kimi regional aktorlar ABŞ-nin sərt siyasətini dəstəkləyir, çünki onlar İranın Orta Şərqdə artan təsirini öz milli təhlükəsizliklərinə təhdid kimi qiymətləndirirlər. Digər tərəfdən isə Aİ daha çox diplomatik həll yollarına üstünlük verir və tərəflər arasında dialoqun bərpasında maraqlıdır. Bu isə transatlantik yanaşmalar arasında müəyyən taktiki fərqlərin mövcudluğunu ortaya qoyur. Münaqişənin gələcək inkişaf trayektoriyasına gəldikdə, bir neçə mümkün ssenari fərqləndirilə bilər. Birinci ssenari “idarə olunan gərginlik” modelidir ki, bu halda tərəflər birbaşa hərbi toqquşmadan yayınaraq siyasi və iqtisadi təzyiq vasitələrindən istifadəni davam etdirəcəklər. İkinci ssenari eskalasiya riskinin artması ilə bağlıdır. Xüsusilə Fars körfəzi regionunda baş verə biləcək insidentlər genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Üçüncü və daha az ehtimal olunan ssenari isə beynəlxalq vasitəçilərin iştirakı ilə məhdud kompromisin əldə olunmasıdır. Nəticə etibarilə, ABŞ-nin İranın sülh təşəbbüsünü rədd etməsi göstərir ki, tərəflər arasında qarşılıqlı güzəşt üçün siyasi iradə hələ formalaşmayıb. Bu isə yaxın perspektivdə münaqişənin həllindən daha çox onun dondurulmuş, lakin gərgin vəziyyətdə davam edəcəyini deməyə əsas verir”.

Röya İsrafilova