“Rusiya da real addımlar atmalıdır” Gündəm

“Rusiya da real addımlar atmalıdır”

“Ukrayna prezidenti Volodimir Zelenskinin göstərilən vaxtdan etibarən “güzgü prinsipi” ilə hərəkət ediləcəyini bəyan etməsi onu göstərir ki, Kiyev müəyyən şərtlər daxilində atəşkəsə hazır olduğunu nümayiş etdirməyə çalışır. Hesab edirəm ki, artıq Rusiya rəhbərliyi də müharibənin dayandırılması istiqamətində real addımlar atmalıdır”.

Bunu Milli Məclisin deputatı Müşviq Cəfərov “Xalqcebhesi.az”a açıqlamasında deyib.

Deputat bildirib ki, hazırda müharibənin nə vaxt başa çatacağı ilə bağlı dəqiq proqnoz vermək çətindir:

“Ən real ssenarilərdən biri aktiv döyüşlərin azalması, lakin siyasi həllin əldə olunmaması səbəbindən münaqişənin “dondurulmuş” formada davam etməsidir. Digər variant isə danışıqlar yolu ilə kompromis əldə olunmasıdır. Bu halda tərəflər ərazi və təhlükəsizlik məsələlərində müəyyən qarşılıqlı güzəştlərə gedə bilərlər. Daha fərqli ssenari isə tərəflərdən birinin strateji üstünlük qazanmasıdır. Bununla belə, mövcud vəziyyətdə müharibənin yaxın perspektivdə tam siyasi həll ilə yekunlaşacağı real görünmür.Rusiya-Ukrayna müharibəsi artıq təkcə regional qarşıdurma deyil.Bu münaqişə yeni qlobal güc balansının formalaşmasında əsas faktorlardan birinə çevrilib. Proses göstərdi ki, geosiyasi rəqabət beynəlxalq münasibətlərin əsas elementi olaraq qalır, hərbi güc hələ də siyasətin mühüm alətidir və kiçik, orta dövlətlərin taleyi böyük güclərin maraq toqquşmalarından ciddi şəkildə asılıdır. Müharibənin nəticəsi yalnız Ukrayna və Rusiyanın deyil, ümumilikdə XXI əsrin beynəlxalq siyasi sisteminin konturlarını müəyyənləşdirəcək”.

Deputat əlavə edib ki, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü sülh planının daha çox Rusiyanın maraqlarına uyğun hazırlandığı barədə fikirlər var:

“Avropa İttifaqı isə bu plana ehtiyatlı və tənqidi yanaşır. Ukrayna prezidenti müəyyən narazılıqlar olsa da, danışıqların aparılacağını açıqlayıb. Müzakirə olunan variantlardan birinə görə, Donbasın bir hissəsinin bufer zona elan olunması, Ukrayna qoşunlarının həmin ərazilərdən çıxması və Rusiyanın nəzarətdə saxladığı ərazilərdə qalması mümkündür. Digər istiqamətlərdə isə müəyyən geri çəkilmələr və yeni təmas xəttinin formalaşdırılması nəzərdə tutula bilər. Bu, Ukrayna üçün mənfi ssenari sayılsa da, müharibənin dayandırılması baxımından müəyyən imkan yarada bilər”.

Müşviq Cəfərovun sözlərinə görə, Ukraynada daxili siyasi vəziyyətin tam sabit olmaması və korrupsiya qalmaqallarının Zelenskinin mövqeyinə təsir göstərməsi də prosesə əlavə təzyiq yaradır:

“Hazırkı mərhələdə Zelenski ya müəyyən şərtlərlə sənədə imza atmalı, ya da Avropa İttifaqı ilə birlikdə plana qarşı çıxmalıdır. Əgər Kiyev plana tam şəkildə “yox” desə, bu halda Zelenski ilə ABŞ administrasiyası arasında ciddi siyasi gərginlik yarana bilər”.

Günel Elxan