11:24
1 092
“BMT yarandığı vaxtdan bu günə qədər beynəlxalq təşkilat kimi ən zəif dövrünü yaşamaqdadır. Çünki BMT Nizamnaməsində əksini tapan və BMT-nin vəzifəsi olan bir çox strateji məsələlərdə bu qurum konkret addımlar ata bilmir. Bu isə onun nüfuzdan düşməsinə səbəb olur”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu söyləyib ki, BMT yarandığı gündən bu vaxta qədər çoxsaylı struktur tərkibləri yaratmaqla və çoxşaxəli humanitar, sosial, mədəniyyət sahəsində fəaliyyətlərini artırdığına görə onun büdcəsi də həddindən artıq böyüyüb: “Belə olan halda, əlbəttə ki, vaxtında BMT büdcəsinə ödənişlər olmazsa, bu təşkilat ilkin mərhələdə büdcə xərclərini məhdudlaşdırmağa, sonradan isə struktur vahidlərini bağlamağa, ya da onların fəaliyyətini məhdudlaşdırmağa məcbur olacaq. Nəticədə, BMT-nin əsas strukturu olan BMT Təhlükəsizlik Şurasını təhdid edəcək qədər vəziyyət gərginləşə bilər. Ancaq məsələ BMT-nin iflasından getmir, BMT-nin nüfuzunun artıq iflasa uğramasından gedir”.
Deputat əlavə edib ki, çünki ilk növbədə bu təşkilat 1945-ci ildən yaranıb və artıq ötən illər ərzində dünyada çox şey dəyişib: “Milli dövlətlərin yeri, iradələri ortaya çıxıb, böyük imperiyalar artıq təkbaşına özləri BMT funksiyasını yerinə yetirməyə çalışırlar. Məsələn, ABŞ, Çin və ya Rusiya. Hətta iş o yerə çatıb ki, Birləşmiş Ştatlar Sülh Şurası adlı az qala BMT-yə alternativ bir qurum da yaratmağa cəhd edib. Doğrudur, hələlik real addımlar atılmayıb, amma bütün hallarda bu cür ideyalar da ortaya çıxıb. Ona görə də düşünürəm ki, BMT siyasi baxımdan və hadisələrin inkişafına təsir baxımdan onsuz da iflasa uğramaqdadır. Yəni onun maddi baxımdan da iflas etməsi əlbəttə ki, məhz bunun nəticəsi olaraq meydana çıxıb. Ancaq bütün hallarda bənzər funksiyanı yerinə yetirən bir quruma dünyanın ehtiyacı var”.
Röya İsrafilova