İrandan Avropadakı ABŞ bazalarına zərbə xəbərdarlığı Dünya

İrandan Avropadakı ABŞ bazalarına zərbə xəbərdarlığı

İran ona qarşı hücum məqsədilə istifadə olunacağı təqdirdə, Avropadakı Amerika bazalarına, o cümlədən Böyük Britaniya, Almaniya və Bolqarıstandakı bazalara zərbələr endirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Məclisinin (birkamalı parlament) milli təhlükəsizlik və xarici siyasət komitəsi sədrinin müavini Abbas Müqtədai bəyan edib.

"Böyük Britaniya, Almaniya və ya Bolqarıstandakı Amerika bazası bizim üçün Bəhreyndəki Amerika bazasından heç nə ilə fərqlənməyəcək. Hətta hər hansı ölkənin ərazisi Amerika tərəfindən İrana qarşı əməliyyatlar üçün istifadə edilsə belə, o, İranın cavabı çərçivəsində hədəfə çevrilə bilər", – deyə o, İranın SNN agentliyinə müsahibəsində bildirib.

Müqtədainin sözlərinə görə, avropalılar müəyyən məqamda ABŞ-ni dəstəkləyən ölkələr sırasında olmadıqlarını bəyan edirdilər, lakin sonradan Vaşinqton bir sıra Avropa dövlətləri ilə onların əraziləri və bazalarından istifadəyə dair danışıqlara başlayıb. Buna görə də deputatın qeyd etdiyi kimi, Tehran əvvəlcədən xəbərdarlıq edib ki, əgər ABŞ dünyanın istənilən nöqtəsindəki bazalarından istifadə etsə, cavab tədbirləri üçün coğrafi məhdudiyyətlər qalmayacaq.

Məryəm Quliyeva