“Bu səfər Azərbaycan-İtaliya münasibətlərində yeni imkanlar açacaq” Gündəm

“Bu səfər Azərbaycan-İtaliya münasibətlərində yeni imkanlar açacaq”

“İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajaninin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Bu səfəri yalnız ikitərəfli diplomatik münasibətlər çərçivəsində qiymətləndirmək doğru olmaz. Çünki Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, regional sabitliyə və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına ciddi töhfə verən dövlətdir”.

Bu fikirləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Z.Qarayeva deyib ki, xüsusilə Hörmüz boğazı ətrafında yaranmış böhran və qlobal enerji bazarlarında müşahidə olunan qeyri-müəyyənlik Azərbaycanın etibarlı tərəfdaş kimi əhəmiyyətini daha da artırır: “İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olması, enerji sahəsində əməkdaşlığın genişlənməsi və qarşılıqlı investisiyaların artması münasibətlərin möhkəm iqtisadi təmələ söykəndiyini göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və müstəqil xarici siyasət nəticəsində Azərbaycan Avropa dövlətləri ilə münasibətlərini qarşılıqlı maraqlar və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirir”.

Politoloqun sözlərinə görə, səfərin digər mühüm siyasi tərəfi isə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlarla bağlıdır: “Antonio Tajaninin Azərbaycanın regional sabitlik baxımından əhəmiyyətini xüsusi vurğulaması və İtaliyanın Azərbaycanla Avropa İttifaqı, eləcə də NATO arasında əlaqələrin inkişafına dəstək verməyə hazır olduğunu bildirməsi Bakının beynəlxalq mövqelərinin gücləndiyini göstərir. Azərbaycan-Ermənistan normallaşma prosesi, regional kommunikasiyaların açılması və yeni nəqliyyat layihələrinin həyata keçirilməsi Avropa dövlətlərinin Cənubi Qafqaza marağını artırır. İtaliya da bu proseslərdə Azərbaycanın strateji imkanlarını nəzərə alaraq əməkdaşlığını genişləndirməyə çalışır”.

“Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycanın infrastruktur layihələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı üçün geniş perspektivlər mövcuddur. Hesab edirəm ki, bu səfər Azərbaycan-İtaliya münasibətlərində yeni imkanlar açmaqla yanaşı, Azərbaycanın Avropanın siyasi və iqtisadi gündəliyində getdikcə daha mühüm yer tutduğunu nümayiş etdirir” - deyə o qeyd edib.

Röya İsrafilova