“Bu tədbirin ölkəmiz üçün müxtəlif istiqamətlərdə müsbət yönləri var” Gündəm

“Bu tədbirin ölkəmiz üçün müxtəlif istiqamətlərdə müsbət yönləri var”

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) işinə başlayıb. Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq.
Tədbir sentyabrın 11-i başa çatacaq.

İqtisadçı Eldəniz Əmirov xalqcebhesi.az-a sözügedən tədbirin Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək bildirib ki, bu tədbirin müxtəlif istiqamətlərdə müsbət yönlərini ölkəmiz üçün görə bilərik: “Bunlardan birincisi bu tədbir COP29-un nəticələrinin davam etdirilməsi kontekstində qiymətləndirilməlidir. Çünki Azərbaycanda COP29-dan sonra həm ölkəmiz daxilində, həm də ölkəmizin beynəlxalq təşkilatlarda fəaliyyəti kontekstində məhz yaşıl iqtisadiyyat, ətraf mühitin qorunması kimi məsələlər əsas istiqamətlərdən biri olaraq qalmaqdadır. Düşünürəm ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin məhz qlobal iqlim diplomatiyasının mərkəzində qalmasına xidmət edir. Həmçinin bu, ölkəmiz üçün iqlim maliyyəsinin Azərbaycana cəlb edilməsi baxımından əhəmiyyətli ola bilər”.

E.Əmirovun sözlərinə görə, digər istiqamətlərdən biri olaraq Azərbaycanda yaşıl iqtisadiyyat konsepsiyasının formalaşması, yaşıl iqtisadiyyat yönündə həm birbaşa, həm multiplikativ effektlərlə iqtisadiyyatın ayrı-ayrı sahələrində bu iqtisadi konsepsiyanın reallaşmasına xidmət edə biləcək mühitin formalaşmasına öz müsbət təsirini göstərəcək: “Ən əsası isə bu tədbir ölkənin qlobal imicinin gücləndirilməsinə xidmət edir. Ümumiyyətlə, istənilən beynəlxalq tədbirin bir ölkə ərazisində keçirilməsi həmin tədbirin predmetindən əlavə olaraq ölkənin imicinin formalaşmasına, yüksəlməsinə müsbət təsir göstərir və sözügedən tədbir də ölkə imicinə müsbət qatqılar qatmaq baxımından önəmlidir”.

Röya İsrafilova