19:26
273
Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) işinə başlayıb. Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq. Tədbir sentyabrın 11-i başa çatacaq.
İqtisadçı ekspert Asif İbrahimov xalqcebhesi.az-a açıqlamasında qeyd edib ki, bu tədbir Azərbaycanın yalnız iqlim müzakirələrində iştirak edən deyil, həm də beynəlxalq dialoqa ev sahibliyi edən ölkə kimi mövqeyini gücləndirir: “İkinci və daha vacib məsələ iqlim maliyyəsidir. Bu gün inkişaf etməkdə olan ölkələr üçün əsas problem iqlim dəyişiklikləri ilə mübarizə aparmaqdan daha çox, bunun üçün maliyyə resurslarını tapmaqdır. Bakıdakı müzakirələr Azərbaycanın özünün də bu imkanlardan necə istifadə edə biləcəyi baxımından əhəmiyyətlidir. Yaşıl enerji, enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması və iqlimə davamlı infrastruktur üçün beynəlxalq maliyyənin Azərbaycana cəlb edilməsi əsas prioritetlərdən biri olmalıdır. BMT də iqlim maliyyəsini planların real layihələrə çevrilməsi üçün əsas şərtlərdən biri kimi vurğulayır”.
O əlavə edib ki, Azərbaycan üçün üçüncü əsas istiqamət yaşıl transformasiyanın iqtisadi imkanlara çevrilməsidir: “İqlim siyasətinə yalnız ekoloji məsələ kimi yanaşmaq düzgün deyil. Burada yeni investisiyalar, yeni texnologiyalar, yaşıl sənaye, enerji səmərəliliyi və yeni iş yerləri üçün ciddi potensial var. Xüsusilə Azərbaycanın günəş və külək enerjisi potensialı nəzərə alınarsa, ölkə həm daxili enerji keçidini sürətləndirə, həm də gələcəkdə yaşıl enerjinin regional ixracatçısına çevrilə bilər”.
Ekspertin sözlərinə görə, digər mühüm məsələ Azərbaycan iqtisadiyyatının iqlim risklərinə davamlılığının artırılmasıdır: “İqlim dəyişiklikləri artıq yalnız ekoloji problem deyil, kənd təsərrüfatına, su ehtiyatlarına, ərzaq təhlükəsizliyinə, sığorta sektoruna, tikintiyə və ümumilikdə iqtisadi artıma təsir edən amildir. Ona görə də Bakıdakı müzakirələrdən Azərbaycanın öz iqtisadi siyasətinə tətbiq edilə biləcək konkret mexanizmlər çıxmalıdır. Xüsusilə su qıtlığı və kənd təsərrüfatında məhsuldarlığın qorunması Azərbaycan üçün strateji məsələdir”.
Röya İsrafilova