"Sanki müharibə Ukraynada deyil, Amerikada gedir" Dünya

"Sanki müharibə Ukraynada deyil, Amerikada gedir"

Donald Tramp Rusiya və Ukrayna arasında enerji sahəsində atəşkəsə dair razılıq əldə olunduğunu elan etdi. Volodimir Zelenski bu barədə heç nə eşitmədiyini bildirdi. Bununla belə, əgər Tramp həqiqətən də Putinlə belə bir razılıq əldə edibsə, yəni Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirməkdən çəkinəcəyi, Ukrayna isə Rusiyanın neft emalı zavodlarını hədəf almayacağı təqdirdə — Ukrayna bu razılaşmaya əməl edərdi. Kreml ABŞ prezidentinin bu açıqlaması ilə bağlı hələlik heç bir şərh verməyib. Eyni zamanda, bir neçə saat əvvəl Kiyevdə yenidən güclü partlayış səsləri eşidilib və paytaxtın bəzi hissələrində elektrik və su təchizatı yenidən kəsilib.

Bunu xalqcebhesi.az-a Ukrayna Radasının sabiq deputatı Artur Bilous deyib.

"Bütün bunlar — üstəlik, Trampın "enerji atəşkəsi"ndən bəhs etməsinin ilk dəfə olmaması faktı — Ukrayna bloq sferasında növbəti şübhə dalğasına səbəb olub. Əlbəttə, şübhə üçün kifayət qədər əsaslar var. Bununla belə, bəzi həmkarların paylaşımlarını oxuyanda insan heyrətə gəlir. Sanki müharibə — insan tələfatı və binaların dağıdılması ilə birlikdə — Ukraynada deyil, Amerikada gedir" - o, vurğulayıb.

Başqaları belə soruşur: "Bu necə ola bilər? Ukrayna ilə bağlı qərarlar yenə də Ukrayna olmadan verilir? İlahi! Doğrudanmı hazırda əsas məsələ budur? Yoxsa sizin kimilər sadəcə bitib-tükənməyən kiçik müharibələr həvəsindədir?" Ən asanı, bundan heç nə çıxmayacağını söyləməkdir. Lakin çox uzağa gedib çıxmış müharibələr tez bitmir. Bununla belə, sülh uğrunda çalışan güclü bir şəxsin olması yaxşı haldır – özü də bəzən həmin şəxs sülhə, bilavasitə döyüşənlərin özündən daha çox can atır:

"Beləliklə, mən "Yaşlı Donni"yə uğurlar arzulayıram. Qoy o, özünə qarşı çıxanları utandırsın. Biz hamımız üçün isə sülh ümidi arzulayıram. Hələlik bu ümid kövrək ola bilər, amma yol addımlamaqla qət edilir".

Cavid