Zahid Oruc: "İndi Ermənistan da 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır" Gündəm

Zahid Oruc: "İndi Ermənistan da 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında Ermənistanda ictimaiyyətə təqdim olunan yeni Konstitusiya layihəsinə və regiondakı sülh prosesinə münasibət bildirib.

Deputat çıxışında qeyd edib ki, Ermənistanda Əsas Qanunun dəyişdirilməsi sadəcə hüquqi prosedur deyil, həm də bir xalqın dövlətçilik məfkurəsinin, milli ideyalarının və qonşulara münasibətinin yenidən müəyyənləşməsidir.

O, 1988-ci ildə İrəvan meydanlarında səslənən "Miatsum" şüarının və ərazi iddialarının artıq tarixdə qaldığını, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin həm də Ermənistanın işğalçılıq ideologiyası üzərində qələbə olduğunu vurğulayıb.

2026-cı il iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə toxunan Z. Oruc bildirib ki, "Mülki Müqavilə" Partiyasına 726 min 819 səsin (əvvəlkindən 38 min çox) verilməsi erməni cəmiyyətinin müharibəyə və revanşizmə "yox" deməsinin göstəricisidir. Onun sözlərinə görə, 2027-ci ildə keçirilməsi nəzərdə tutulan referendumda seçicilər dövlətin hansı ideya əsasında idarə olunacağına qərar verəcəklər.
Yeni layihəni "Əliyev Konstitusiyası" adlandıraraq tənqid edən dairələri revanşist qüvvələr kimi xarakterizə edən komitə sədri əlavə edib ki, ərazi iddialarından imtina etmək başqa dövlətin iradəsini qəbul etmək deyil, dinc qonşuluq və xilas yoludur.
Çıxışda ABŞ Prezidenti Donald Trampın tarixi "TRİPP" layihəsinin icrasına başlanmasını bəyan etməsinə də diqqət çəkilib. Z. Oruc bu hadisəni Cənubi Qafqazda blokadanın aradan qaldırılması, regionun böyük açılıma hazırlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolunun bərpası baxımından mühüm addım kimi qiymətləndirib.
"Azərbaycan xalqı Konstitusiyasını 44 müqəddəs gündə yenidən təsdiqlədi. İndi Ermənistan da 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır", — deyə Zahid Oruc fikrini yekunlaşdırıb.

Günel Elxan