Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 160%-dən çox artıb İqtisadiyyat

Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 160%-dən çox artıb

Bu ilin oktyabr ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nağd bazar (spot - red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit - Britaniya istilik vahidi) 28,63 ABŞ dolları səviyyəsində olub.

Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Belə ki, oktyabrda TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 12%, illik müqayisədə isə 163% artıb.

Hesabatda bildirilir ki, oktyabr ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur) qazın orta spot qiyməti 28,02 dollar təşkil edib, bu da aylıq müqayisədə 11%, illik müqayisədə isə 168% artım deməkdir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.