Zakir Nuriyev: Azərbaycanda dövlət fondları hesabına verilən kreditlərin biznes kreditlərində payı azalıb İqtisadiyyat

Zakir Nuriyev: Azərbaycanda dövlət fondları hesabına verilən kreditlərin biznes kreditlərində payı azalıb

2025-ci ilin sonundan 2026-cı ilin sentyabr ayınadək dövlət fondlarının vəsaitləri hesabına maliyyələşdirilən kreditlərin bankların biznes kreditləri portfelində payı 12,5%-dən 6,9%-ə düşüb.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son 12 ayda bankların biznes kreditləri portfeli 18,6%, dövlət fondlarının vəsaitləri hesabına maliyyələşdirilən biznes kreditləri isə 14,7% artıb.

Beləliklə, dövlət fondları hesabına verilən biznes kreditlərinin artım tempi ümumi biznes kreditlərinin artım tempindən 3,9 faiz bəndi aşağı olub.

Zakir Nuriyev bunu bank sektorunda əmanətçilərin sayının və əhalidən cəlb edilən depozitlərin həcminin artması ilə əlaqələndirib.

ABA rəhbəri onu da əlavə edib ki, bank sektorunda süni intellektin tətbiqi zamanı müştərilərin maliyyə vəziyyətinə təsir edən qərarların əsaslandırılması və insan nəzarətinin qorunması təmin edilməlidir.

Onun sözlərinə görə, süni intellekt risklərin qiymətləndirilməsi, dələduzluğun aşkarlanması və müştəri xidmətlərinin təkmilləşdirilməsi sahələrində geniş tətbiq imkanlarına malikdir. Bu imkanların reallaşdırılması etibarlı məlumatlar, ixtisaslı kadrlar və düzgün idarəetmə tələb edir.

Zakir Nuriyev qeyd edib ki, rəqəmsallaşma ilə yanaşı, kibertəhlükələrə və dələduzluğa qarşı birgə mübarizə də gücləndirilməlidir. Təhdidlər barədə operativ məlumat mübadiləsi, şübhəli əməliyyatlara vaxtında reaksiya verilməsi və xidmətlərin fasiləsizliyi sektorun dayanıqlılığının əsas şərtlərindəndir.