Deputat: “Azərbaycan onlayn xidmətlər indeksində 56 pillə irəliləyərək 11-ci yerə yüksəlib” Gündəm

Deputat: “Azərbaycan onlayn xidmətlər indeksində 56 pillə irəliləyərək 11-ci yerə yüksəlib”

“Azərbaycan rəqəmsal inkişaf sahəsində mühüm nailiyyət əldə edərək 194 ölkə arasında onlayn xidmətlər indeksinə görə 11-ci yerdə qərarlaşıb”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Azay Quliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan iki il əvvəl 67-ci yerdə olduğu halda, 56 pillə irəliləyərək 11-ci sıraya yüksəlib. Onun sözlərinə görə, ölkəmiz bu göstəricilərə əsasən ABŞ, Böyük Britaniya, Kanada, Norveç və Avstraliya kimi inkişaf etmiş dövlətləri də qabaqlayıb.

Azay Quliyev diqqətə çatdırıb ki, xidmətlərin təqdim edilməsi alt indeksi üzrə Azərbaycan dünyada 10-cu, institusional çərçivə üzrə isə birinci yeri tutub.

Deputat bu nəticələrin Azərbaycanın rəqəmsal keçid istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq ictimaiyyət tərəfindən tanındığını və dövlət başçısının rəhbərliyi ilə görülən işlərin konkret nəticələr verdiyini göstərdiyini vurğulayıb.

O qeyd edib ki, cari ilin fevralında Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı müşavirədə vahid fəaliyyət planının təsdiqi, rəqəmsal inkişaf konsepsiyası və bu sahədə görüləcək işlər ətraflı müzakirə olunub.

Deputat bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasına rəhbərlik edir. Şuranın əsas fəaliyyəti dövlət qurumları arasında əlaqələndirməni təmin etmək və vahid dövlət siyasətinin vaxtında, effektiv şəkildə həyata keçirilməsinə nail olmaqdır.

Azay Quliyev əlavə edib ki, Azərbaycan rəqəmsal keçid və süni intellekt sahəsində əməkdaşlığı yalnız daxili siyasətində deyil, beynəlxalq tərəfdaşlıqlarında da prioritet istiqamət kimi müəyyənləşdirib.

Onun sözlərinə görə, son iki ildə Çin, ABŞ, Vyetnam, Böyük Britaniya və Özbəkistanla imzalanan strateji sənədlərdə rəqəmsal keçid və süni intellekt sahəsində əməkdaşlıq məsələlərinə ayrıca yer ayrılıb.

Deputat əldə olunan nailiyyət münasibətilə Prezident İlham Əliyev başda olmaqla, bu sahədə əməyi olan hər kəsi təbrik edib.

Günel Elxan