Deputat: “Sosial media müasir dövrün ən təhlükəli silahlarından birinə çevrilib” Gündəm

Deputat: “Sosial media müasir dövrün ən təhlükəli silahlarından birinə çevrilib”

Deputat Ceyhun Məmmədov sosial medianın tənzimlənməsinin, ölkədə ideoloji işin gücləndirilməsinin və Vətən müharibəsində qazanılan Qələbənin ictimai şüurda möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, dünya yeni təlatümlü və mürəkkəb mərhələyə daxil olub, müharibə və münaqişələrin sayı getdikcə artır. Onun sözlərinə görə, müasir dövrdə elmi nailiyyətlərə və tərəqqiyə baxmayaraq, insanlıq mənəvi inkişaf deyil, tənəzzül mərhələsinə qədəm qoyub.

Ceyhun Məmmədov qeyd edib ki, müharibə artıq yalnız sərhədlərdə və səngərlərdə deyil, beyinlərdə və düşüncələrdə də gedir. O, sosial medianın müasir dövrün ən təhlükəli və dağıdıcı silahlarından birinə çevrildiyini vurğulayıb:

“Çox təəssüf ki, artıq bu şəbəkələr öz həqiqi mahiyyətini itirərək təhqir və söyüş platformalarına çevrilib və getdikcə insanların beyin və düşüncələrinə daha çox mənfi təsir etməkdədir. Bütün bunlar isə bu sahənin tezliklə tənzimlənməsini və bu istiqamətdə daha ciddi addımların atılmasını tələb edir”.

Deputatın fikrincə, sosial media platformalarında baş verənlər fikir və düşüncə azadlığı deyil, beyinlərin yuyulması, manipulyasiya və vətəndaşı öz dövlətinə düşmən etmək cəhdləridir.

O bildirib ki, mövcud təhlükələr ölkədə ideoloji işin daha da gücləndirilməsini zəruri edir. Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyevin ideoloji işin vacibliyinə xüsusi diqqət çəkdiyini xatırladıb.

Deputat dövlət başçısının müvafiq tapşırıqları əsasında son vaxtlar bu sahədə mühüm işlərin görüldüyünü, o cümlədən yeni tarixi filmlərin çəkilməsi, tamaşaların hazırlanması və əsərlərin yazılmasının həyata keçirilən tədbirlər sırasında olduğunu qeyd edib.

Ceyhun Məmmədov vurğulayıb ki, ideoloji işi gücləndirmədən qələbəni əbədiləşdirmək və ictimai şüuru düzgün istiqamətləndirmək mümkün deyil.

O, Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətinin ictimai şüurda daha da möhkəmləndirilməsi istiqamətində əlavə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu bildirib.

Günel Elxan