23 Noyabr 14:47
08:19
245
Çin Fələstin xalqının milli hüquqlarının bərpası üzrə səyləri dəyişməz olaraq dəstəkləyəcək və Fələstin məsələsinin ədalətli həllinə töhfə verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ÇXR Sədri Si Cinpin bəyan edib.
"Çin Fələstin xalqının qanuni milli hüquqlarının bərpası uğrunda ədalətli işini dəyişməz olaraq qətiyyətlə dəstəkləyir. Biz bundan sonra da beynəlxalq birliyin sülhü sevən və ədaləti müdafiə edən bütün ölkələri ilə birlikdə, beynəlxalq hüquq qaydası əsasında Fələstin probleminin həm simptomlarının, həm də ilkin səbəblərinin aradan qaldırılması üçün Fələstin məsələsinin tezliklə hərtərəfli, ədalətli və davamlı nizamlanmasına praqmatik şəkildə kömək edəcək, Yaxın Şərqdə uzunmüddətli sabitliyə və sülhə töhfə verəcək, bütün dünyada sülh, sabitlik, inkişaf və tərəqqiyə fəal töhfəmizi verəcəyik", – deyə "Xinhua" agentliyi Çin liderinin noyabrın 23-də BMT-də Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü (hər il noyabrın 29-da qeyd olunur) münasibətilə keçirilən iclasın iştirakçılarına ünvanladığı məktubun mətnindən sitat gətirir.
Si Cinpinin vurğuladığı kimi, "ədalət insanların qəlbində yaşayır və ədalət mühakiməsi yox ola bilməz". O, Fələstin məsələsini "Yaxın Şərq probleminin özəyi" adlandırıb.
ÇXR Sədrinin sözlərinə görə, Yaxın Şərqdəki hazırkı gərgin vəziyyət "beynəlxalq birliyin diqqətini Fələstin məsələsindən yayındırmamalıdır" ki, onun da həllinin açarı "iki xalq üçün iki dövlət" prinsipinə uyğun olaraq düzgün həll istiqamətini möhkəmləndirməkdən və Fələstin-İsrail danışıqlarının bərpasına kömək etməkdən ibarətdir". Si Cinpin "Fələstini fələstinlilər idarə edir" prinsipinə riayət olunmasının, İordan çayının qərb sahilində vəziyyətin nizamlanmasının və Qəzza zolağının müharibədən sonrakı bərpasının vacibliyini qeyd edib.
Dövlət başçısının izah etdiyi kimi, "torpaqların zəbt edilməsi və Fələstinin hüquqlarının pozulması üzrə istənilən hərəkətlərə qarşı çıxmaq" lazımdır. O diqqətə çatdırıb ki, beynəlxalq birlik Fələstin xalqına dəstək üzrə konsensus və öhdəlikləri konkret əməllərə çevirməli, "Qəzza zolağında davamlı atəşkəsə nail olunmasına və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinə kömək etməlidir".
Məryəm Quliyeva