“TRIPP marşrutunun həqiqi memarı Azərbaycan Prezidentidir” Gündəm

“TRIPP marşrutunun həqiqi memarı Azərbaycan Prezidentidir”

Milli Məclisin deputatı Hikmət Babaoğlu Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşmasında Azərbaycanın rolunu və TRIPP marşrutunun əhəmiyyətini yüksək qiymətləndirib.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp TRIPP marşrutunun real praktik icrasına başlanması münasibətilə etdiyi təbrik çıxışında Azərbaycan Prezidentinə xüsusi təşəkkürünü bildirib.

Hikmət Babaoğlunun sözlərinə görə, regionun son 200 illik münasibətlər tarixi nəzərə alınmadan TRIPP marşrutunu adi nəqliyyat layihəsi kimi qiymətləndirmək düzgün olmaz:

“Bu TRIPP marşrutunun bu gün açılması, üstəlik də Ermənistanda keçiriləcək yeni konstitusiya referendumu kontekstində bu məsələyə yanaşanda biz memar axtarırıq. Cənubi Qafqazda son 200 ildə formalaşan bu yeni münasibətlər sistemini yaradan kimdir? TRIPP marşrutunun həqiqi memarı kimdir? Ermənistanı sülhə sövq edən kimdir? Onu barış mövqeyinə gətirən kimdir? Və Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını çıxaran kimdir? Bu gücün adı nədir? Bu iradənin adı nədir? Mənə elə gəlir ki, biz bu sualın cavabını bilirik. Bu iradənin adı dəmir yumruqdur və Azərbaycanda, bütövlükdə regionda yeni reallığı yaradandır”.

Deputat beynəlxalq münasibətlər sistemində Hans Morgenthau tərəfindən irəli sürülən güc nəzəriyyəsinə də toxunub. O qeyd edib ki, hər bir xalqın milli gücü mövcuddur, lakin bu güc vahid lider tərəfindən reallaşdırılaraq həqiqi gücə çevrilir.

Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan xalqının potensial gücü hər zaman olub, lakin bu potensialın reallaşdırılması üçün həqiqi liderlik zəruri idi. Onun sözlərinə görə, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan liderlik nəticə etibarilə bugünkü reallığı yaradıb.

Deputat ümidvar olduğunu bildirib ki, Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınacaq və proses Ermənistan vətəndaşlarının da konstitusiya dəyişikliyinə səs verməsi ilə nəticələnəcək.

O əlavə edib ki, Azərbaycan Prezidentinin memarlığı ilə regionda nəhayət sülh bərqərar olacaq.

Günel Elxan