Fintex Assosiasiyası: Banklar bizi gəlirli sahələrdə rəqib kimi görür, ümidimiz Mərkəzi Bankadır İqtisadiyyat

Fintex Assosiasiyası: Banklar bizi gəlirli sahələrdə rəqib kimi görür, ümidimiz Mərkəzi Bankadır

Azərbaycanda banklar yüksək gəlirli sahələrdə fintex şirkətlərini hələ də rəqib kimi görürlər.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Edqar Abdullayev X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, banklar fintexlərə yalnız rəqib və texnoloji təchizatçı kimi baxmamalı, onları bir çox sahələrdə strateji tərəfdaş kimi görməlidirlər.

“Biz finteklər olaraq görürük ki, bankların baxışını dəyişmək çətindir. Böyük gəlirli sahələrdə banklar yenə də bizi rəqib olaraq görürlər. Bu işdə də ümidimiz Mərkəzi Bankadır”, – deyə Edqar Abdullayev bildirib.

O, Mərkəzi Bankın ədalətli ekosistemin qorunmasında, Azərbaycan Banklar Assosiasiyasının isə banklarla fintexlər arasında dialoqun və əməkdaşlığın inkişafında rolunu vurğulayıb.

Edqar Abdullayev əlavə edib ki, maliyyə sektorunun sürətli, dayanıqlı və təhlükəsiz rəqəmsallaşması Mərkəzi Bank, banklar və fintexlər arasında düzgün əməkdaşlıqdan asılıdır.