Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir Dünya

Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir

Qətər hakimiyyəti Vaşinqton və Tehran arasında danışıqlar prosesinin bərpası üçün səylər göstərir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani bəyan edib.

"Biz İran və Amerika Birləşmiş Ştatları ilə birlikdə danışıqlar prosesini bərpa etməyə çalışırıq", – deyə o, "Al Jazeera" telekanalına şərhində bildirib. Qətərin Baş naziri vurğulayıb ki, "Yaxın Şərqdəki vəziyyət ABŞ və İran arasında yeni eskalasiyaya tab gətirməyəcək". Vaşinqtonla ikitərəfli münasibətlərə toxunan Baş nazir qeyd edib ki, Doha "müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə" can atır.

Qətər ABŞ və İran arasında dolayısı danışıqlarda əsas vasitəçilərdən biri kimi çıxış edir. Noyabrın 23-də şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüş keçirib. Amerika xarici siyasət idarəsinin məlumatına görə, tərəflər təhdidlərin qarşısının alınmasını və Yaxın Şərqdə sabitliyin təmin edilməsini müzakirə ediblər.

ABŞ Prezidenti Donald Tramp noyabrın 22-də "Fox News" telekanalının jurnalistlərinə bildirib ki, Vaşinqton və Tehran münaqişənin dayandırılması barədə dolayısı məsləhətləşmələri davam etdirirlər. Amerika lideri həmçinin qeyd edib ki, İslam Respublikası ilə razılaşmalar əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra İrana zərbələrin bərpa edilməsinə meyllidir.

Məryəm Quliyeva