İqtisadiyyat və sənaye naziri Masallıda vətəndaşları qəbul edib İqtisadiyyat

İqtisadiyyat və sənaye naziri Masallıda vətəndaşları qəbul edib

Tərlan


Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Oktyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Masallıda Cəlilabad, Yardımlı, Masallı, Lerik, Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilmiş, bir sıra müraciətlər yerindəcə həllini tapmış, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilmiş, həmin müraciətlər aidiyyəti dövlət strukturlarına çatdırılması üçün qeydiyyata alınmışdır. Qəbula gələn vətəndaşlar sənaye, turizm, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kredit ittifaqlarına dəstək göstərilməsi, istehsal və emal sahələrinin yaradılması, kənd məktəbinin və uşaq bağçasının təmiri, kəndin qazlaşdırılması, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər.
Qəbula gələn sahibkarların təklifləri müzakirə edilmiş, sənaye məhsullarının istehsalı, taxılçılıq, heyvandarlıq, kartofçuluq, arıçılıq, meyvəçilik, tikinti materiallarının istehsalı, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir. Qəbula gələn sahibkarlar Azərbaycan Respublikası Prezidentinin sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını böyük razılıqla qarşıladıqlarını bildirmiş, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər.
Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. Ümumilikdə, Masallıda keçirilmiş qəbulda 100-ə yaxın vətəndaş müraciət etmişdir. Qeyd edək ki, Şahin Mustafayev tərəfindən indiyədək bölgələrdə 33 vətəndaş qəbulu keçirilmiş, qəbullarda 1800-dən çox vətəndaş müraciət etmişdir.